TBMM-də “Deepfake” texnologiyalarla mübarizə müzakirə olunacaq

Türkiyə Böyük Millət Məclisinin (TBMM) payız sessiyası zamanı süni intellekt (Sİ) üzrə komissiyanın yaradılması planlaşdırılır.

AZƏRTAC xəbər verir ki, TBMM Elektron Platformalar Komissiyasının sədri Hüseyin Yaman jurnalistlərə yeni parlament komissiyasının məqsədləri, vəzifələri barədə danışıb.

Onun sözlərinə görə, Sİ texnologiyalarının inkişafı məsələsi bütün dünyada ciddi mübahisə mövzusudur. “Sİ üzrə komissiyanın yaradılması haqqında qərar artıq qəbul olunub. Bu, ölkənin bütün siyasi qüvvələrinin iştirakını tələb edən çox mühüm addımdır”, – deyə deputat vurğulayıb.

Yaman bildirib ki, yeni komissiyanın üzvləri “Deepfake” texnologiyalardan gələn təhdidin də əks olunacağı hesabatı hazırlayacaqlar.

O xatırladıb ki, İtaliyanın Baş naziri Corca Meloni də bu yaxınlarda video və audioların saxtalaşdırılmasında istifadə olunan süni intellekt texnologiyaları ilə bağlı problemlərlə üzləşib.

Komissiyanın rəhbəri əlavə edib ki, qarşıya 2025-ci ilə qədər Türkiyənin Sİ inkişafı üzrə ölkələrin TOP-20-yə daxil olunması vəzifəsi qoyulub.

ƏvvəlkiHaitidə hər həftə beş uşaq həlak olur və ya yaralanır
Növbəti“Lilian” fırtınası Britaniyada elektrik təchizatı və aviauçuşlara təsir edib