Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ) Katibliyinin maliyyə qaydaları haqqında Sazişə üzv dövlətlərin məcburi ödənişlərinin həcmi ilə bağlı Protokol Milli Məclisdə təsdiqlənib.
AZƏRTAC xəbər verir ki, sənəd Milli Məclisin aprelin 5-də keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.
Sənəddə qeyd edilib ki, maliyyə ili təqvim ili yanvarın 1-dən başlayan və dekabrın 31-də başa çatan vaxt müddətidir. Ödənişlər isə cari maliyyə ilində Katibliyin fəaliyyəti ilə bağlı xərclərin ödənməsi məqsədilə tərəflər üçün müəyyən edilmiş məbləğlər deməkdir.
Daha əvvəl məcburi ödənişlərin bölgüsü Azərbaycan Respublikası – 2/15, Qazaxıstan Respublikası – 4/15, Qırğız Respublikası -1/15, Türkiyə Respublikası – 8/15 kimi müəyyənləşdirilib. Yeni layihəyə əsasən isə Özbəkistanın Türk Dövlətləri Təşkilatına üzv olması ilə əlaqədar ödənişlərin bölgüsü Azərbaycan Respublikası – 2/18, Qazaxıstan Respublikası – 4/18, Qırğız Respublikası -1/18, Türkiyə Respublikası – 8/18, Özbəkistan Respublikası- 3/18 kimi müəyyən edilib.
Sənəd səsverməyə çıxarılaraq qəbul olunub.
“Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Katibliyinin maliyyə qaydaları haqqında Sazişə üzv dövlətlərin məcburi ödənişlərinin həcmi ilə bağlı Protokol” sənədi 2021-ci il noyabrın 11-də Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının İstanbul şəhərində keçirilmiş iclasında imzalanıb.