Böyük Britaniyanın Mühafizəkarlar partiyası bu gün liderləri olan baş nazir Tereza Meyə etimad səsverməsi keçirəcək.
“Qafqazinfo” xəbər verir ki, ötən gün parlamentdə nəzərdə tutulan “Brexit” səsverməsini təxirə salan baş nazirlə bağlı yekun qərar günün sonunda açıqlanacaq.
Etimad səsverməsində 315 mühafizəkar-deputat iştirak edəcək. Öz postunu saxlamaq üçün Meyə azı 158 səs lazım olacaq. Belə olan halda, o, daha bir il öz partiya liderliyini qoruya biləcək. Hökumət başçısı məğlub olacağı təqdirdə, yeni lider seçmək lazım gələcək. Bu isə 3 ay vaxt tələb edir.
Qeyd edək ki, etimad səsverməsi 48 mühafizəkar millət vəkilinin ( ümumi deputatların 15 faizi ) partiya liderinə etimad etməmələri ilə bağlı yazdıqları məktubdan sonra baş tutub.
Baş nazir Tereza Mey Böyük Britaniyanın Avropa İttifaqından çıxması ilə bağlı təklif etdiyi şərtlərdən sonra partiya daxilində kəskin tənqidlərlə üzləşib.