Azərbaycan şahmatçısı Teymur Rəcəbov “Champions Chess Tour” çərçivəsində onlayn keçirilən “Airthings Masters” turnirinin final mərhələsinin 4 partiyadan ibarət ilk matçında ermənistanlı Levon Aronyanla mübarizə aparıb.
AZƏRTAC xəbər verir ki, birinci, ikinci və üçüncü partiyaları heç-heçə edən şahmatçımız dördüncü partiyada rəqibini məğlub edib (2,5:1,5).
Xatırladaq ki, turnirin seçmə mərhələsini 6 xalla beşinci yerdə başa vuran şahmatçımız dörddəbir finalda Rusiya təmsilçisi Yan Nepomnyaşini, yarımfinalda bu ölkənin digər şahmatçısı Daniil Dubovu məğlub edib.
Yanvarın 3-dək davam edəcək turnirin ümumi mükafat fondu 200 min ABŞ dollarıdır. Qalib 60 min dollar qazanacaq.