“Azərbaycanla Qazaxıstan arasında ticarət dövriyyəsinin həcminin 1 milyard dollara (hazırda 533 milyard dollar təşkil edir) çatdırılması hədəflənib.
AZƏRTAC xəbər verir ki, bu sözləri “The Astana Times” qəzetinə müsahibəsində Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov deyib.
Bildirilib ki, 2023-cü ildə Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə nəql edilən Qazaxıstan neftinin həcmi 1,3 milyon ton təşkil edib ki, bu da 2022-ci illə müqayisədə 5,5 dəfə çoxdur. 2024-cü ildə bu rəqəm 1.5 milyon tona çatıb.
Səfir xüsusilə Orta Dəhlizin (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu) əhəmiyyətini vurğulayıb. Onun sözlərinə görə, 2024-cü ilin ilk 10 ayı ərzində bu marşrutla yükdaşımaların həcmi 68 faiz artaraq, 3,8 milyon tona çatıb. Xüsusilə Çindən konteyner daşımalarının həcmi ötən il təxminən 26 dəfə artıb.
Ağalar Atamoğlanov 200 milyona yaxın insanı birləşdirən və təkcə mədəni deyil, həm də geosiyasi gücə çevrilən Türk dünyasının rolunu xüsusi qeyd edib.
“Türk dövlətləri ilə əlaqələrin genişləndirilməsi və Türk dünyasının birliyinin möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir”, – deyə səfir bildirib və Qazaxıstanın ötən il sədrliyi etdiyi Türk Dövlətləri Təşkilatının vacib rolunu qeyd edib.
Bundan başqa, artan mədəni mübadilə və turizm axınından məmnunluq ifadə edilib. 2023-cü illə müqayisədə Qazaxıstandan Azərbaycana səfər edənlərin sayının 49 faiz artaraq 86 min 304 nəfərə çatdığı vurğulanıb.