Məşhur “The London Post” nəşri “Azərbaycan və Türkiyənin silahlı qüvvələrinin təlimləri rəşadət və müdafiə gücünün nişanıdır” (“’Turkey-Azerbaijan Military forces drills sign of courage, defense power”) başlıqlı material dərc edib.
Trend-in məlumatına görə, qəzet Milli Məclisin deputatı Sevil Mikayılovanın səsləndirdiyi fikirləri dərc edib.
“The London Post” vurğulayır ki, Ermənistan tərəfindən Azərbaycanın qərb sərhədlərinə böyük təhdid istənilən an müharibəyə yol aça bilər.
Məqalədə qeyd olunur ki, Türkiyə ilə Azərbaycan arasında irimiqyaslı hərbi təlimlər iki ölkənin gücünü, cəsarətini və qoşunlarının müdafiəqabiliyyətliliyini nümayiş etdirdi:
“Azərbaycan və Türkiyə arasındakı əməkdaşlıq hər hansı bir ölkə və ya təşkilata qarşı yönəlməyib, bu, iki dövlətin tarixi, mədəni köklərinə və etnik kimliyinə söykənən sülh və tərəfdaşlıq naminə əməkdaşlıqdır. Azərbaycan üçün Türkiyə ən yaxın müttəfiq və qardaş ölkədir”.
S.Mikayılova vurğulayıb ki, Ankara hər zaman Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Bakının ədalətli mövqeyini dəstəkləyib: “Biz son hücumlar zamanı dərhal göstərilən dəstəyə görə qardaş Türkiyəyə minnətdarıq”.
Qəzet qeyd edib ki, Azərbaycanla Türkiyə arasında birlik regional əməkdaşlığın bütün formatlarının əsasını qoyur və bu birlik regional sülhə, əməkdaşlığa xidmət edir:
“Türkiyə dəfələrlə Dağlıq Qarabağ münaqişəsini milli məsələ kimi nəzərdən keçirdiyini bəyan edib və Ankara heç vaxt bu məsələ ilə bağlı mövqeyini dəyişməyəcək. İki qardaş ölkə arasındakı münasibətlər bütün dünyada nümunəvidir və bütün sahələrdə ən yüksək səviyyədə inkişaf edir”.