“Tokio-2020”nin Təşkilat Komitəsi 2021-ci ilə təxirə salınan Yay Olimpiya Oyunlarına satılan biletlərin geri qaytarılması üçün müraciətləri qəbul etməyə başlayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Təşkilat Komitəsinin rəsmi saytında məlumat verilib.
Müraciətlər noyabrın 30-dək qəbul ediləcək. Paralimpiya Oyunlarına alınan biletlərin geri qaytarılması üçün prosedur dekabrın 1-dən 21-dək davam edəcək.
Qeyd edilib ki, koronavirus pandemiyası ilə bağlı vəziyyət sabitləşməsə, geri qaytarmanın başqa bir mərhələsi də təşkil olunacaq. Tokio Olimpiadası üçün təxminən 10 milyon bilet satılması planlaşdırılırdı. Ümumilikdə, bu günə qədər Olimpiadaya 4,4 milyon, Paralimpiya Oyunları üçü isə 970 min bilet satılıb.
Tokio Olimpiadası 2020-ci ilin iyulun 24-dən avqustun 9-dək keçirilməli idi. Koronavirus pandemiyası səbəbindən yarış bir il sonraya təxirə salınıb və iyulun 23-dən avqustun 8-dək keçiriləcək. Eyni zamanda, “Tokio-2020” Oyunlarının adı da qorunub saxlanılıb.
İyun ayında Tokio Olimpiadasının Təşkilat Komitəsi rəsmi olaraq yarışın formatının gələn il sadələşdirilməsinin lehinə olduğunu bildirib. Belə ki, təhlükəsiz mühitin təmin edilməsi, xərclərin minimuma endirilməsi və Oyunların formatının sadələşdirilməsi əsas prinsiplər hesab edilir.