TORPAQLARIMIZIN AZAD EDİLMƏSİ ÜÇÜN YENİ ŞANS!

Son həftədə baş verən hadisələr belə bir təəsürat yaradır ki, Türkiyə rusların S-400 zenit-raket komplekslərini (ZRK) almaq qətiyyətindədir. Hətta ABŞ rəsmilərinin təhdidləri Türkiyə rəhbərliyini öz fikirlərindən əl çəkməyə məcbur edə bilmir.

Türkiyənin Birləşmiş Ştatlardakı səfiri Sərdar Kılıç Vaşinqtonun Rusiya istehsallı S-400 zenit-raket komplekslərinin alınmasından imtina ilə bağlı tələbini şərh edərkən deyib ki, ABŞ elə düşünməməlidir ki, Türkiyə onun bütün tələblərini qəbul edəcək. Bunu Türkiyənin Birləşmiş Ştatlardakı səfiri Sərdar Kılıç Vaşinqtonun Rusiya istehsallı S-400 zenit-raket komplekslərinin alınmasından imtina ilə bağlı tələbini şərh edərkən deyib.

Diplomat bildirib ki, ABŞ-la NATO üzrə etibarlı tərəfdaş olmaq üçün Ankara Vaşinqtonun bütün tələblərini yerinə yetirməyə borclu deyil. O qeyd edib ki, Türkiyə və Birləşmiş Ştatların bir-birinə çox ehtiyacı var: “Türkiyə Vaşinqtonun Yaxın Şərq üzrə siyasətində çox mühüm ölkədir”.

Bundan əvvəl Birləşmiş Ştatların dövlət katibi Maykl Pompeo Türkiyənin eyni vaxtda ABŞ istehsallı F-35 qırıcıları və Rusiya istehsallı S-400-ləri əldə etməsinin texniki baxımdan mümkün olmadığını bildirib.

Amma Türkiyəyə artıq açıq şəkildə təhdidlər edilməyə başlanılıb. Aprelin 22-də ABŞ senatoru Bob Menendes deyib ki, Türkiyə Rusiyanın S-400 zenit-raket komplekslərini alacağı təqdirdə ABŞ sanksiyalar tətbiq edəcək və eyni zamanda F-35 təyyarələrinin satışını dayandıracaq. Senator bildirib ki, Ankara kiminlə olduğunu seçməlidir: “Türkiyə NATO-nun vacib müttəfiqi qalmaqda davam etməli, ya da Qərbdən uzaqlaşmalıdır”. B.Menendes əlavə edib ki, S-400 NATO sistemləri, texnikası ilə yanaşı dayana bilməz. Senatorun sözlərinə görə, Türkiyəyə sanksiyalardan qaçması üçün digər variantlar təklif edilib.

RUSİYANIN ÜMİDLƏRİ

“Rusiya Türkiyəni ABŞ-ın təzyiqlərinə baxmayaraq S-400 zenit-raket kompleksləri ilə bağlı nümayiş etdirdiyi kifayət qədər qəti mövqeyə görə alqışlayır”. Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

“Prinsipcə özünü müstəqil apara bilən barmaqla sayılası qədər ölkə var. Həm Rusiya, həm də Türkiyə bu cür ölkələrin kateqoriyasına aiddir. Təzyiq həqiqətən görünməmiş kimi hiss edilir. Ərdoğanın nümayiş etdirdiyi qəti mövqeyi alqışlayırıq”, – D.Peskov bildirib.

D.Peskovdan sonra isə, 3 gün əvvəl Rusiya müdafiə nazirinin müavini Aleksandr Fomin RT-yə verdiyi müsahibəsində Türkiyənin ABŞ-ın təzyiqi fonunda S-400-ün çatdırılması ilə bağlı Rusiyayla razılaşmasına dair mövqeyini şərh edib.

“Türk tərəfdaşlarımızın çox aktiv mövqeyinə heyran qalıram. Onlar Amerika Birləşmiş Ştatlarının ən güclü təzyiqlərinə baxmayaraq, böyük  ruh, qeyri-adekvatlıq göstərdilər”, – deyə Fomin bildirib.

Fomin qeyd edib ki, Rusiya Türkiyənin bu mövqeyini çox yüksək dəyərləndirir. Onun sözlərinə görə, Türkiyə Rusiyadan S-400 sistemini almaqdan imtina etməməklə düzgün mövqe sərgilədi.

Xatırladaq ki, 3 aprel tarixində ABŞ Türkiyəni NATO təhlükəsizliyi ilə S-400 razılaşması arasında seçim etməyə çağırmışdı. Öz növbəsində, Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri Mövlüd Çavavuşoğlu, ABŞ-ın F-35-i tədarük etməkdən imtina etməsi halında, döyüş təyyarələrini digər ölkələrdən almaqla təhdid edib.

Faktiki olaraq bu gün sanksiyalar içində boğulan Rusiya üçün NATO və ABŞ-a öz təpkisini nümayiş etdirən Türkiyə bölgədə və dünya meydanında Kremlin hələ də öz nüfuzunun böyüklüyünə inamını artırır. Həqiqətən də, Türkiyənin Rusiyaya istiqamətli addımları ABŞ və Qərbin strateji planlarını pozmaqdadır. Baxmayaraq ki, Türkiyənin özünün iqtisadi durumunda problemlər gündən günə artır.

Türkiyənin S-400 ZRK məsələsində təpkisi Rusiyanın geopolitik meydanda “xilas qurşağıdır” və durumun tam əks istiqamətdə dəyişməsi Rusiyanın beynəlxalq imicinə zərbədir. Bu zərbə həm də ölkə daxilində Putin iqtidarının imicini ciddi sarsıda bilər.

ERMƏNİLƏRİN QORXUSU

Erməni və ermənipərəst politoloqların rus S-400 ZRK-larının Türkiyəyə satışı problemi fonunda Ankara və Moskvanın strateji yaxınlaşması ilə bağlı fikirləri ilə tanış olaraq bir maraqlı məqamı qeyd etmək lazımdır.

Bəri başdan deyək ki, bizim bəzi politoloqlarımız belə bir nağıla inanırlar ki, guya Moskva ilə Ankaranın yaxınlaşması işğal edilmiş Azərbaycan torpaqları məsələsində Millətimizin xeyirinə nəisə müsbət dəyişiklik edə bilər. Əslində bu nağılın heç bir əsası yoxdur. Ankara ilə Moskvanın yaxınlaşması həmişə Azərbaycanın əleyhinə olub. Çünki Moskva-Ankara bazarlaşmasını aparan tərəflər Bakının mənafeyini nəzərə almaq fikrində olmayıblar. Əksinə, Azərbaycan tərəfinə “sən yerində sakit dur!” prinsipi ilə münasibət bəsləyirlər.

Beləliklə, ermənilər üçün Moskva ilə Ankaranın yaxınlaşması təhlükəli deyil. Erməniləri təlaşlandıran hadisələrin digər mümkün gedişatıdır.

Ermənilər çəkinirlər ki, Ankaranı itirməkdən ehtiyatlanan Moskva işğal edilmiş Azərbaycan torpaqlarının hamısını və ya bir neçəsini Bakının suveren hüququ çərçivəsinə qaytara bilər. Bu isə, Bakı tərəfindən işğal edilmiş torpaqlarının azad edilməsi üçün hərbi əməliyyatlara başladığı məqamda olacaq!

VƏTƏN MÜHARİBƏSİNƏ BAŞLAMALIYIQ!

İndiki beynəlxalq durumda, xüsusilə Moskvanın Ankaraya ümidli gözlərinin dikildiyi bir zamanda Azərbaycan tərəfi hər hansı bəhanədən istifadə edib “Aprel-2016”nı geniş miqyasda təkrar etsə, Kreml hansı duruma düşə bilər?

Kreml anlayacaq ki, Azərbaycana qarşı təcavüzü və ermənilərin tərəfində döyüşməsi Moskva-Ankara münasibətlərinə ciddi zərbə vura bilər. Eyni qənaətə Ankara da gələcək. Çünki Ərdoğanın müxalifəti “Niyə Azərbaycana kömək etmirsən? Niyə ermənipərəst Moskvanın Azərbaycana hücumuna cavab vermirsən?” tələbini ortaya çıxaracaq. Sözün qısası, Azərbaycanın öz torpaqlarının azadlığı uğrunda döyüşə başlaması Moskva-Ankara strateji ittifaqını iflasa uğrada bilər, ABŞ və NATO-nun mənafeyinin xeyirinə işləyə bilər. Bundan təlaşa düşən Rusiya və Türkiyənin başçıları intensiv danışıqlara başlayıb, özünü “hərbi şıltaqlığa” qoymuş Azərbaycanı dilə tutmağa, rəsmi Bakının tələblərini gerçəkləşdirməyə məcbur olacaqlar.

İndiyədək məsum bir tərəf kimi daima Ankara-Moskva yaxınlaşmasına dinməzcə ümid bəsləyən sadəlöhv imicini bir tərəfə atıb, rəsmi Bakı “mənim şıltaqlığıma indi siz dözün!” prinsipi ilə hərəkət etməlidir. Ən azından, Azərbaycan daha bir neçə strateji yüksəkliyini geri qaytara bilər.

Bu cür siyasi və hərbi plan əsasən iki şərt altında baş tuta bilər:

1) Azərbaycan diplomatik sahədə ciddi hazrılıqlar görməlidir (xüsusilə, Türkiyə, Rusiya və ABŞ-la danışıqlar)

2) Mümkün hərbi əməliyyatlar ərəfəsində ordu sistemində xarici kəşfiyyatın təxribatlarından sığortalanmalıdır.

Beləliklə, Kremlə mesaj verilməlidir ki, Türkiyə ilə Moskvanın strateji əməkdaşlığı Azərbaycanın torpaqlarının azad edilməsindən asılıdır. Məhz, bizim döyüş əməliyyatlarımız Moskvanı və Ankaranı məcbur etməlidir ki, torpaqlarımızın azad olunmasını təmin etsinlər. İndiyədək ermənilər özlərini dəliliyə vurub, ağıllıların başını ağrıtmaq siyasətini güdürdülərsə, indi bu oyunu biz başlatmalıyıq.

Bizim bu strategiyamızı “şantaj”, “siyasi-hərbi təxribat”, “Ankara-Moskva tandeminə təhlükə” və s. kimi qiymətləndirsinlər. Artıq bu, bizim heç vecimizə də olmamalıdır. Onsuz da 30 ilə yaxındır ki, işğal altındayıq. Geopolitik şahmat taxtasında bizim bu cür siyasi-hərbi gedişimiz Moskvanı da, Vaşinqtonu da, öz milli mənafelərindən çıxış edən Ankaranı da seyt-not durumunda qoyacaq. Qoy, indi onların başı ağrasın!

Əvvəlki“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi bəyanat yayıb: Yayılan fotoşəkillər 2011-ci ildə çəkilib
NövbətiPekində 2-ci “Bir kəmər, bir yol” Forumu işə başlayıb, Azərbaycan Prezidenti Forumda iştirak edir