AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, 2018-ci ilin iyun ayının əvvəllərindən etibarən Tovuz arxeoloji ekspedisiyası, cari ildə bölgə ərazisində arxeoloji tədqiqat işlərini davam etdirmişdir. Uzun illər ekspedisiyanın işinə rəhbərlik edən AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyev, Tovuzda yerləşən Göytəpə və ətrafında olan digər neolit dövrünə aid erkən kənd tipli arxeoloji kompleksin multidistsiplinar tədqiqatlarına xüsusi önəm vermişdir. Qeyd edək ki, ekpedisiyanın tərkibində AMEA-nın arxeologiya və antropologiya ixtisası üzrə gənc magistrları da təmsil olunmuşlar.
Bu baxımdan cari mövsümdə böyük heyətlə çalışan ekspedisiya, Göytəpə arxeoloji kompleksinin əvvəlki illərdə araşdırılmış qazıntı sahələrində daha erkən tikili horizontlarının üzə çıxarılması məqsədilə çöl-tədqiqat işlərini həyata keçirmişlər. Nəticədə qədim yaşayış yerinin iri ölçülü bina tikililəri və çoxlu sayda arxeoloji materiallar aşkar olunmuşdur.
Bundan əlavə Yaponiyanın Tokio Universitetinin və Fransanın Milli Elmi Araşdırmalar Mərkəzinin (CNRS) mütəxəssislərinin birbaşa iştirakı ilə bölgənin neolit əhalisinin qida rasionunun təyini məqsədilə araşdırmalar aparılmışdır. Belə ki, Göytəpə arxeoloji kompleksində aşkar edilmiş keramika məmulatları üzərindəki süd məhsulları izlərinin müəyyənləşdirilməsi üçün ilkin olaraq çöl şəraitində lipid analizləri həyata keçirilmişdir. Burada qeyd etməliyik ki, ekspedisiya Göytəpə qədim yaşayış yerindən 4 km aralıda yerləşən Menteştəpə qədim yaşayış yerinin Neolit dövrünə aid qəbirlərindən və tunc dövrünə aid Topdağdağan nekropolunun insan sümüklərindən götürülmüş nümunələrin izotop analizlərinin aparılmasına nail olmuşdur.
Həmçinin ekspedisiyanın fəaliyyəti dövründə Hacettepe Universitetinin Antropologiya Fakültəsinin professoru, doktor Yılmaz Selim Erdal ölkəmizə ezam olunaraq, Göytəpədə aparılan elmi tədqiqat işləri ilə yaxından tanış olmuşdur. Görüş müddətində Azərbaycan ərazisində aşkar edilmiş neolit insanlarının skeletlərindən DNT-analizi üçün nümunələrin gələcək illərdə Türkiyənin və İsveçin son texnologiyalarla təchiz olunmuş xüsusi laboratoriyalarında arxeo-genetik araşdırılmasının təşkili ilə bağlı müştərək proqramın konturları müəyyən edilmişdir. Qərara alınmışdır ki, Göytəpənin neolit sakinlərinin qəbirlərinin aşkar edilməsi məqsədilə, 2019-cu il qazıntı mövsümündə təpənin üzərində geo-fiziki çəkilişlər aparılsın.
İyul ayında Göytəpə qədim yaşayış yerindən şərqə tərəf 1 km aralıda olan Kiçiktəpə neolit dövrü abidəsində tədqiqat işlərinin davam etdirilməsi də Tovuz arxeoloji ekspedisiyasının fəaliyyət planına daxildir. Ekspedisiya tərəfindən aşkar edilmiş Kiçiktəpə qədim yaşayış yerinin tədqiqatlarına Fransanın Milli Elmi Araşdırmalar Mərkəzinin (CNRS) mütəxəssisi, doktor Culio Palumbi başda olmaqla fransalı arxeoloqlardan ibarət heyət cəlb edilmişdir. Tovuz bölgəsində kompleks elmi tədqiqat işlərinin aparılmasında ekspedisiya tərəfindən multidistsiplinar (arxeometrik) araşdırmalara üstünlük verilməsi Azərbaycandakı qədim arxeoloji mədəniyyətlərinin formalaşması problemlərinin təhlilini gündəmə gətirmiş olur.