“Azərbaycanla İran arasında Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” su qovşaqlarının və su elektrik stansiyalarının tikintisi məsələsi ilə əlaqədar bildirmək istəyirəm ki, yuxarıda qeyd olunan hər iki su qovşaqları ilə bağlı məsələ İran və Azərbaycan arasında imzalanmış beynəlxalq sazişə əsasən ən yüksək səviyyədə tənzimlənir. Qeyd etdiyim sazişdə BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin tələblərinə uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü bir daha çox dəqiq şəkildə öz təsdiqini tapmışdır. Sənəddə su qovşaqları və su elektrik stansiyalarında su və enerji ehtiyatlarının qorunmasının və istismarının hər hansı üçüncü ölkənin fiziki və hüquqi şəxslərinə verilməsini qadağan edilmişdir. Bu isə o deməkdir ki, hər iki su qovşağından və su elektrik stansiyasından istifadə yalnız İran İslam Respublikasına və Azərbaycan Respublikasına məxsusdur”.
“Report” xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev bildirib.
Onun sözlərinə görə, hazırkı dövlət sərhəd xətti su qovşaqları su ilə doldurulduqda suyun səthində müəyyən ediləcək, nişanlanacaq və Azərbaycan-İran arasında dövlət sərhədini təşkil edəcək. Bu detallarla həmin sazişin mətnini internetdən taparaq hər bir şəxs tanış ola bilər: “Əgər daha öncəki dövrlərə nəzər salsaq, görərik ki, 1992-ci ildə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin tapşırığı əsasında ekspert bu su qovşaqları ilə bağlı texniki vəziyyətin qənaətbəxş olmaması səbəbindən təkmilləşdirmə işlərinə dair layihələr işləyib, hazırlayıb. Lakin təəssüflə qeyd edirik ki, Qarabağ müharibəsi nəticəsində Azərbaycan torpaqlarının Ermənistan qoşunları tərəfindən işğalından sonra Azərbaycan Respublikası və İran İslam Respublikası arasında bu istiqamətdə əməkdaşlıq dayandırılıb. Sonrakı dövrlər ərzində “Xudafərin” və “Qız Qalası” su qovşaqlarının və su elektrik stansiyalarının tikintisi yalnız İran İslam Respublikası tərəfindən aparılıb”.
“2016-cı ilin fevralında isə Azərbaycan Respublikası və İran İslam Respublikası Hökumətləri arasında Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” su qovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında Saziş imzalanıb və Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünə hörmət bu sazişdə ən yüksək səviyyədə əks olunub.
Xüsusi olaraq vurğulamaq istəyirəm ki, 2016-cı ilin fevral ayında imzalanmış həmin Saziş Azərbaycan Respublikasının ərazi bütövlüyünü təsdiqləyir və İran-Azərbaycan əlaqələrinin hüquqi əsaslarını təşkil edən beynəlxalq sazişlərdən biridir. Əlbəttə ki, bu Azərbaycan Respublikasının maraqlarına tam cavab verir və dövlətimizin işğal olunmuş əraziləri üzərində suveren hüquqlarını və yurisdiksiyasını bir daha təsdiq edir”, – T.Gəncəliyev qeyd edib.