Türkdilli ölkələrlə bağlı xəbərlərin yayımlanması üçün təsis edilən Türk Dünyası (Turkic.World) layihəsi media sahəsində olan ehtiyaclara cavab verir.
Bunu Trend-ə açıqlamasında Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu deyib.
Y.Topçu qeyd edib ki, Türk Dünyası (turkic.world) media layihəsi altı müstəqil dövlətdə 300 milyona yaxın oxucu kütləsinə yerli mənbələrdən əldə etdiyi informasiyaları təqdim edəcək ki, bu da olduqca mühüm addımdır.
Y.Topçu hesab edir ki, ənənəvi mediadan fərqli olaraq, məlumatları daha sürətli şəkildə çatdıran informasiya portallarının yaradılması və inkişafı çox önəmlidir:
“Bundan əlavə Türk Dünyası (turkic.world) media layihəsi bir-birlərindən yüz kilometrlərlə uzaqda yaşayan qardaş xalqlara mədəni, sosial, dil, təhsil kimi mövzularda soydaşları barədə məlumatları çatdıracaq. Türk dünyasının bir fərdi kimi, tamamilə milli olan və ciddi informasiya tələbatımıza cavab verən Türk Dünyası (Turkic.World) media layihəsini təsis edənlərə təşəkkürümü bildirirəm”.
Qeyd edək ki, bu il mayın 24-də Bakıda “Türk Dünyası” (www.turkic.world) ilk rəqəmsal layihəsinin təqdimatı keçirilib. Layihənin təqdimat mərasimində media strukturlarının rəhbərləri, türkdilli dövlətlərin diplomatları, millət vəkilləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Unikal proqram təminatı layihəni təkmilləşdirməyə və digər türkdilli dövlətləri yaradılan rəqəmsal platformaya qoşmağa imkan verir. Rəqəmsal platformanın mobil versiyası da hazırlanıb.