Cənubi Koreyanın Donqduk Qadınlar Universitetinin Avrasiya Türk Ölkələri İnstitutu tərəfindən “Türk humanitar elmlər ensiklopediyası” adlı 8 cildlik unikal əsər çap edilib.
Bu barədə AZƏRTAC-a Beynəlxalq Türk Akademiyasından məlumat verilib. Bildirilib ki, bu nəşr Türk dünyası ölkələrinin (Türkiyə, Azərbaycan, Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tatarıstan, Başqırdıstan, Altay, Xakasiya, Tuva və Saxa Respublikası), həmçinin Çinin Sincan-Uyğur Muxtar Vilayətinin dili, ədəbiyyatı, tarixi, incəsənəti, coğrafiyası, folkloru və dini kimi sahələri əhatə edir.
“Türk humanitar elmlər ensiklopediyası” 2018-2023-cü illərdə Koreya Milli Tədqiqat Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən fundamental elmi layihənin nəticəsi hesab olunur. Koreya dilində hazırlanan 8 cildlik nəşr 4500 səhifədən ibarətdir və iki mindən çox anlayışın ətraflı təsvirini təqdim edir.
Ensiklopediya həm çap, həm də elektron formada sərbəst şəkildə yayılır.