“Türk Şurası Media və İnformasiya nazirləri və qurum rəhbərlərinin 3-cü iclasının Bakıda keçirilməsi təşəbbüsü təşkilata sədrlik edən Azərbaycan tərəfindən irəli sürülmüşdü. Məqsəd üzv ölkələr arasında işbirliyi mexanizmini daha da möhkəmləndirməkdən ibarət idi”.
Bu fikirləri “Report”un Türkiyə bürosuna Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Baş katibinin müavini Qismət Gözəlov bildirib. O, deyib ki, indiyə təşkilat çərçivəsində bu sahədə əməkdaşlıq üzrə 4 sənəd imzalanıb: “Ümumiyyətlə media sahəsində əməkdaşlıq üzv ölkələr üçün vacib istiqamətdir. Bu sahənin nə qədər zəruri və vacib olmasına 44 günlük Vətən müharibəsində şahid olduq. Azərbaycan mediası ilə Türkiyə mediası erməni vəhşiliklərini, o cümlədən müharibə ilə bağlı həqiqətlərin dünyaya çatdırılması, dezinformasiyaların qarşısının alınması istiqamətində ciddi mübarizə apardılar. Düşünürəm məhz bunun nəticəsi idi ki, iki ölkə arasında media platforması quruldu.
Digər tərəfdən də məqsəd məhz bu əməkdaşlıq ruhunu, bu dinamizmi digər ölkələr arasında da inkişaf etdirməkdən ibarətdir. İclasın yekunlarına gəlincə isə, üzv ölkələrimiz arasındaki mövcud əməkdaşlıq mexanizmi daha da gücləndirilərək, Koordinasiya Şurası yaradıldı, 2021-2022-ci illər üzrə Fəaliyyət Planı qəbul edildi”.
Fəaliyyət Planı üzv ölkələrin milli, ictimai televiziyalar, rəsmi xəbər agentlikləri arasında əməkdaşlığı inkişaf etdirmək, ortaq tarixi şəxsiyyətlərimiz haqqında serialların, sənədli, çizgi filmlərinin mədəni, tarixi mövzuda proqramların çəkilişi və mübadiləsi kimi məsələləri əhatə edir.
“Bundan başqa məlum olduğu kimi, bu il Türkiyə istisna olmaqla, üzv ölkələrin müstəqilliklərinin 30-cu ildönümüdür. Bu ölkələrin müstəqilliklərini tanıyan ilk ölkə Türkiyə olub. Türkiyə bu il noyabrın 12-də keçirilməsi nəzərdə tutulan VIII Zirvə görüşündən öncə beynəlxalq media forumu təşkil edəcək”, – Qismət Gözəlov əlavə edib.