Ədəbiyyat üzrə Nobel mükafatı laureatı, türk yazıçısı Orxan Pamuk “Kağız oyunçuları” adlı yeni romanının ictimaiyyətə təqdim edilməsi hazırlığında olduğunu açıqlayıb.
AZƏRTAC xəbər verir ki, yazıçı kitabın beş ay davam edən işin nəticəsində sona çatdığını deyib.
“Kağız oyunçuları” daha beş əsərlə bərabər Orxan Pamuk tərəfindən İstanbulun mərkəzində yerləşən XIX əsrə aid bir binada yaradılan “Məsumiyyət muzeyi”nə təqdim ediləcək.
Bu il fəaliyyətinin onuncu ili qeyd edilən “Məsumiyyət muzeyi” 2014-cü ildə Avropa üzrə ilin muzeyi seçilib. İndiyədək muzeyi 285 mindən çox insan ziyarət edib. Əksəriyyəti xarici turistlər olan bu ziyarətçilər arasında dünyaca məşhur şəxsiyyətlər də var.
Muzeydəki əşyaların olduğu şüşə qutulardan 40-nın surətinin hazırlandığını bildirən O.Pamuk bunların beş il ərzində Çinin beş şəhəri və beş muzeyini gəzdikdən sonra Türkiyədə sərgilənəcəyini bildirib.