Bu gün Astanada (Qazaxıstan) Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlərin gömrük xidməti rəhbərlərinin 7-ci iclası keçirilib.
Bu barədə “Report”a Dövlət Gömrük Komitəsindən (DGK) bildirilib.
Məlumata görə, tədbirdə Azərbaycanı Komitə sədrinin I müavini İsmayıl Hüseynovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.
İclasda öncə ötən dövr ərzində görülən işlərlə bağlı üzv dövlətlərin nümayəndə heyətləri başçılarının hesabatları dinlənilib.
Öz növbəsində, Azərbaycan nümayəndə heyətinin rəhbəri İ.Hüseynov çıxışında bildirib ki, bu cür tədbirlərin təşkili Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlərin gömrük orqanlarının nailiyyətləri, yaranan problemlər və gömrük sahəsində həyata keçirilən islahatlarla bağlı məlumat və fikir mübadiləsi, eləcə də çoxtərəfli gömrük əməkdaşlığının inkişaf yollarının müzakirə edilməsi baxımından faydalıdır: “Mühüm yeniliklərdən biri Prezident tərəfindən 21 dekabr 2018-ci il tarixdə “Xarici ticarət iştirakçılarının “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnu əldə etməsi, həmin hüququn dayandırılması, ləğvi və bərpası Qaydası”nın təsdiq edilməsidir. Məqsəd qanunvericiliyə riayət edən xarici ticarət iştirakçıları üçün daha əlverişli şəraitin yaradılması, biznesin dövlət tənzimlənməsi mexanizmlərinin səmərəliliyinin artırılması, könüllü riayət etmə mədəniyyətinin formalaşdırılması, risklərin qiymətləndirilməsi və gömrük auditi əsasında gömrük nəzarətini və rəsmiləşdirilməni daha çevik və şəffaf həyata keçirməklə fiziki gömrük yoxlamalarını minimuma endirmək, ölkənin ixrac potensialını gücləndirmək, müasir idarəetmə prinsiplərinə əsaslanan məmur-sahibkar münasibətlərini inkişaf etdirmək və mövcud ehtiyatların daha səmərəli istifadəsini təmin etməkdir”.
DGK rəsmisi onu da qeyd edib ki, Şərq-Qərb və Şimal-Cənub kimi mühüm nəqliyyat marşrutlarının kəsişməsində yerləşən Azərbaycanda tranzit prosedurlarının təkmilləşdirilməsi, infrastrukturun inkişafı, eləcə də tranzit təchizat zəncirlərinin təhlükəsizliyinin davamlı təmin edilməsi vacib şərtdir. Bu məqsədlərə nail olmaq üçün ölkə rəhbərliyi gömrük orqanları qarşısında Ümumi Tranzit Proseduru haqqında Konvensiyaya qoşulmaq, eləcə də Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminə əsasən gömrük tranzit sisteminin inkişafı üçün tədbirlər görmək vəzifəsini qoyub. Bu vəzifəni yerinə yetirmək üçün 5 dekabr 2017-ci il tarixində Oslo şəhərində Azərbaycana qeyri-rəsmi müşahidəçi statusu verilib.
Bildirilib ki, Azərbaycan Gömrük Xidməti Avropa İttifaqının Ümumi Tranzit Proseduru haqqında Konvensiyaya və Mallarla Ticarətdə Sənədləşmənin Sadələşdirilməsi haqqında Konvensiyaya, eləcə də Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminə qoşulmağı nəzərdə tutan layihəni həyata keçirir. Layihə çərçivəsində Avropa İttifaqının ekspert qrupu qanunvericilik, informasiya texnologiyaları və inzibati idarəetmə sahələrində zəruri olan tövsiyələri əhatə edən hərtərəfli təhlil aparıb.
İ.Hüseynov vurğulayıb ki, Azərbaycanın xarici ticarətinin inkişafı ilə əlaqədar qonşu dövlətlərlə mal dövriyyəsinin artması müşahidə olunur. Bununla əlaqədar, nəzərdə tutulan yeniliklərdən biri sərhəddə nəqliyyat vasitələrinin yarada biləcəyi sıxlıqların aradan qaldırılması üçün sərhəd-keçid məntəqələrində nəqliyyat vasitələrinin keçidini tənzimləyəcək elektron növbə sisteminin yaradılmasıdır. Artıq bu sistemin tətbiq edilməsilə bağlı müvafiq işlər görülür.
Diqqətə çatdırılıb ki, Azərbaycan gömrük sistemində işin optimallaşdırılması, nəzarət mexanizminin təkmilləşdirilməsi və işin mərkəzləşdirilmiş qaydada təşkili üçün struktur islahatları da keçirilib. Gömrük orqanlarında mövcud kadr potensialının rasional şəkildə istifadəsi üçün əməkdaşların biliyinin qiymətləndirilməsinə də böyük önəm verilir.
Çıxışının sonunda DGK sədrinin birinci müavini İ.Hüseynov onu da bildirib ki, Türkdilli Dövlətlərin Gömrük Xidmətləri tərəfindən gömrük hüquqpozmaları ilə mübarizə sahəsində çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsinə xüsusi diqqət ayrılır. Bu baxımdan, bu gün Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının gömrük xidmətləri arasında gömrük hüquqpozmalarına qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanması Şuraya üzv dövlətlərin gömrük qanunvericiliyinin pozulması ilə mübarizə sahəsində əməkdaşlığının inkişafına yeni istiqamət verəcək.
Sonra iclasda İpək Yolu Təşəbbüsü və “Karvansaray” layihəsi ilə bağlı texniki görüşün və üzv dövlətlərin gömrük-sərhəd buraxılış məntəqələrinə səfərlərin təşkilinə dair müzakirələr aparılıb.
Tədbir zamanı “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlərin gömrük idarələri arasında gömrük hüquqpozmalarına qarşı mübarizə sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu” imzalanıb. Həmçinin dövlət və özəl sektor arasında əməkdaşlıq, tranzit sistemlərinin sadələşdirilməsi sahəsində əlaqələrin genişləndirilməsi, müvafiq milli və beynəlxalq təşkilatlarla birgə seminarların təşkil edilməsi məsələlərinə baxılıb.
Daha sonra üzv dövlətlər tərəfindən 2019-cu il ərzində təşkil ediləcək təlim proqramlarının cədvəli razılaşdırılıb və “Türk Şurası Müasir İpək Yolu Ticarət Karvanının Nümayiş Turu” adlı layihə barədə təqdimat nümayiş etdirilib.
Sonda isə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlərin Gömrük Xidməti Rəhbərlərinin növbəti iclasının Qırğızıstanda keçirilməsi qərara alınıb.