Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) katibliyinin və TDƏŞ-ə üzv ölkələrin dövlət xidmətlərinin göstərilməsi və rəqəmsal hökumət sahəsi üzrə fəaliyyət göstərən qurumlarının yüksək vəzifəli nümayəndələri Azərbaycana səfər ediblər.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, səfərin məqsədi “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti və rəqəmsal hökumət çərçivəsində görülmüş işlər, eləcə də dövlət agentliyi tərəfindən həyata keçirilməkdə olan digər layihələr ilə yaxından tanışlıq olub.
Səfər çərçivəsində dövlət agentliyinin sədri Ülvi Mehdiyev ilə TDƏŞ-ə üzv ölkələrin nümayəndə heyəti arasında görüş baş tutub. Görüşdə qonaqlara “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti barədə ətraflı məlumat verilib. Bildirilib ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə Azərbaycanda səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub. Qeyd edilib ki, “ASAN xidmət”ə bu günədək 43 milyondan çox vətəndaş müraciəti qeydə alınıb. Bundan başqa “ASAN xidmət”in 2015-ci ildə Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətləri Mükafatına, 2019-cu ildə isə BMT-nin rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində xüsusi mükafatına layiq görülməsi qonaqların diqqətinə çatdırılıb.
Görüş zamanı Dövlət Agentliyi ilə Türkiyə və Özbəkistanın müvafiq qurumları arasında imzalanmış Anlaşma Memorandumlarının icrasının uğurla davam etdiyi vurğulanıb. Eyni zamanda, Qazaxıstan tərəfi ilə davam edən səmərəli əməkdaşlıqdan bəhs olunub.
Səfər zamanı nümayəndə heyəti “ASAN xidmət” mərkəzinin, “ASAN Radio”nun, 108 “Çağrı” Mərkəzinin və “ABAD” publik hüquqi şəxsin fəaliyyəti ilə tanış olub.
Elektron Hökumətin İnkişafı Mərkəzində və “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzində qonaqlara rəqəmsallaşma, elektron hökumət, proaktiv xidmətlər və innovasiyalar sahələrində həyata keçirilmiş işlər barədə geniş təqdimat edilib.
Qonaqlar Şamaxı “ASAN Həyat” kompleksinin fəaliyyəti ilə də tanış olublar.
TDƏŞ-ə üzv ölkələrin nümayəndələri “ASAN xidmət” təcrübəsini, eləcə də Dövlət Agentliyi tərəfindən rəqəmsal hökumət və sosial innovasiyalar sahəsində görülən işləri yüksək qiymətləndiriblər.
Dövlət xidmətlərinin göstərilməsi və rəqəmsallaşma sahəsində TDƏŞ-ə üzv ölkələr arasında təcrübə mübadiləsinin dərinləşdirilməsi, həmçinin müvafiq istiqamətlər üzrə əməkdaşlığın vahid platforma çərçivəsində aparılması barədə ilkin razılıq əldə olunub.