Türk Şurasının baş katibi Bağdad Amreyevin sədrliyi ilə sentyabrın 22-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Təşkilatlarının Koordinasiya Komitəsinin onlayn iclası keçirilib.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) katibliyindən AZƏRTAC-a verilən məlumata görə, iclasda Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) baş katibi Altınbek Mamayusupov, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) baş katibi Düsen Kaseinov, Beynəlxalq Türk Akademiyasının prezidenti Darhan Kıdıralı və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva iştirak ediblər.
Son iki ildə Türk Şurasının tarixində ən fəal və məhsuldar dövrün yaşandığını bildirən Türk Şurasının baş katibi türk dünyası daxilində əməkdaşlığın hərtərəfli genişləndirilməsinin türk əməkdaşlıq təşkilatları arasında yeni bir koordinasiya səviyyəsinə ehtiyac yaratdığını vurğuladı. Baş katib səmərəli dialoq, koordinasiya və birgə fəaliyyət planları əsasında qardaş təşkilatların fəaliyyətinin də daha səmərəli olacağını qeyd edib.
İclasda türkdilli dövlətlərin əməkdaşlıq təşkilatlarının rəhbərləri qarşıdakı dövrdə planlaşdırdıqları müvafiq proqramlara əsasən daha yaxşı əlaqələndirmənin təmin edilməsinin yollarını müzakirə ediblər və 2020-ci və 2021-ci illərdə təşkil ediləcək birgə fəaliyyətlər barədə fikir mübadiləsi aparıblar. Komitə üzvləri ortaq sahələri müəyyən ediblər Türkdilli Dövlətlərin Əməkdaşlıq Təşkilatlarının hazırda fəaliyyət göstərdikləri və qarşılıqlı əlaqəni və işin səmərəliliyini ən yaxşı şəkildə təmin etmək üçün ümumi prinsiplər üzərində razılaşıblar.
Qərara alınıb ki, komitə üzvlərininin iclasda verdikləri təkliflər əsasında 2020-ci və 2021-ci illər üçün türkdilli dövlətlərin əməkdaşlıq təşkilatlarının illik yol xəritəsi hazırlansın.
Qeyd edək ki, Türk Şurasının əlaqədar təşkilatları olan TÜRKPA, TÜRKSOY, Türk Akademiyası və Türk Mədəniyyəti və İrsi Fondundan ibarət olan Türkdilli Dövlətlərin Əməkdaşlıq Təşkilatlarının Koordinasiya Komitəsi 2019-cu il oktyabrın 15-də Bakıda keçirilən Türk Şurasının 7-ci Zirvə Görüşündə Dövlət Başçıları Şurasının qərarı əsasında Türk Şurası Baş katibinin sədrliyi ilə türkdilli dövlətlərin əməkdaşlıq təşkilatları arasında daha yaxşı koordinasiya və daha sıx əməkdaşlığın təmin edilməsi, fəaliyyətlərində təkrarlanmanın aradan qaldırılması və Türk Şurasının türkdilli ölkələrin əməkdaşlıq təşkilatları arasında koordinasiya funksiyalarının gücləndirilməsi məqsədilə yaradılıb.