Türkiyə Milli Müdafiə Nazirliyi tərəfindən FHN-ə minaaxtaran itlər hədiyyə edilib

Türkiyə Milli Müdafiə Nazirliyi tərəfindən Azərbaycan Fövqəladə Hallar Nazirliyinə (FHN) 10 xüsusi təlim keçmiş minaaxtaran it təmənnasız olaraq hədiyyə edilib.

FHN-dən Trend-ə verilən məlumata görə, itlərin ölkəmizə gətirilməsi, həmçinin müvafiq sahədə bilik və bacarıqlarının artırılması məqsədilə Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin Kinoloji Taborunun 10 nəfərdən ibarət təlimatçı kinoloq qrupu hazırda qardaş ölkədə təlim kurslarında iştirak edir.

Belə ki, 8 mart 2021-ci il tarixində başlamış təlim kursları Türkiyə Respublikası Milli Müdafiə Nazirliyi Baş Qərargahının Bakı Silahlı Qüvvələr Atteşeliyinin təşkilatçılığı ilə Bursa şəhərində keçirilir. Kurslarda əməkdaşlar Azərbaycan FHN-ə hədiyyə edilmiş itlərlə minaların axtarışı və ərazilərin minalardan təmizlənməsi üzrə təlimlər keçirlər.

Kinoloqlar təlim kursunu tezliklə başa vurub itlərlə bərabər ölkəmizə dönərək işğaldan azad olunmuş ərazilərimizdə minatəmizləmə əməliyyatlarına cəlb olunacaqlar.

 

ƏvvəlkiTürkiyəli mütəxəssislər Qarabağdakı tarixi abidələrin restavrasiyasında iştirak edəcək
Növbəti“Bitkoin”in qiyməti 18 faizdən çox düşüb