Türkiyə ötən 10 illik dövr ərzində bərpaolunan enerji istehsalını iki dəfə artırıb. Qarşıdakı 10 il ərzində isə həm günəş, həm də külək enerjisi istehsalını dörd dəfə artırmağı planlaşdırır.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum açıqlayıb.
Türkiyənin Aralıq dənizi hövzəsində yerləşdiyini və regionun həssaslığı səbəbindən iqlim böhranından çox təsirləndiyini vurğulayan nazir ölkəsinin tarixi bir dövrdən keçdiyini, bir yandan regional tarazlıqda güclü bir liderlik sərgilədiyini, digər tərəfdən isə insanlığı maraqlandıran qlobal problemlərə qarşı fəaliyyət göstərdiyini deyib.
Nazir sənayenin milli gəlirdəki payının gündən-günə daha da artdığını və bu artımın davamlılığının Türkiyənin gələcəyi üçün çox vacib olduğunu bildirib.
M.Kurum ötən il emissiya miqdarlarında emissiya nisbətinin 72 faizinin enerji sektorundan, təxminən 13 faizinin isə sənaye sektorundan qaynaqlandığını bildirib.
O deyib ki, Türkiyə ixracatının təxminən 42 faizini Avropa İttifaqı ölkələrinə edir. Bu baxımdan ümumi ixracatda Avropa ölkələri birinci sıradadır. Bundan sonra Türkiyədən Avropaya ixrac edilən məhsulların karbon və ətraf mühitlə uyğunluq səviyyəsi daha önəmli olacaq. İki il davam edən uzunmüddətli işin nəticəsində “Sənaye Emissiyalarının İdarə Edilməsi” ilə bağlı yol xəritəsi yayımlanıb.
Nazir bu idarəetmə sistemi ilə sənayenin ətraf mühitə olan təsiri ilə bağlı yeni bir dövrə qədəm qoyduqlarını bildirib.