Sentyabrın 2-dən ölkəmizdə keçiriləcək “Eternity-2019” kompüter dəstəkli komanda-qərargah təlimində iştirak etmək üçün Azərbaycana gələn Türkiyə və Gürcüstan Silahlı Qüvvələrinin şəxsi heyətinin təntənəli qarşılanma mərasimi olub.
Müdafiə Nazirliyindən “Report”a verilən məlumata görə, qonaqlar əvvəlcə hərbi hissənin ərazisində ucaldılan ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyub, ulu öndərin və ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad ediblər.
Azərbaycan, Türkiyə və Gürcüstanın Dövlət bayraqları qaldırılıb və hər üç ölkənin dövlət himnləri səsləndirilib.
Sentyabrın 6-dək davam edəcək təlim Silahlı Qüvvələrin Hərb Oyunları Mərkəzində və səhra şəraitində keçiriləcək.
Təlimə hazırlıq dövründə qonaqlar üçün bir sıra mədəni-kütləvi tədbirlərin keçirilməsi planlaşdırılır.