PKK və PJAK daxil olmaqla bölgədəki bütün terror təşkilatları Türkiyə və İranın təhlükəsizliyinə qarşı ortaq təhdid təşkil edir. Ortaq dövlət sərhədlərində yerləşən bu terror təşkilatlarının fəaliyyətlərinə qarşı mövcud əməkdaşlıq mexanizmlərindən tam gücü ilə istifadə olunması, terrorizm və mütəşəkkil cinayətkarlıqla mübarizədə nəticələr əldə olunana qədər əməliyyatlar daxil olmaqla birgə addımların atılması hər iki ölkə üçün vacibdir.
AZƏRTAC Türkiyə Prezident Administrasiyasının İctimai Əlaqələr İdarəsinə istinadla xəbər verir ki, bu ifadələr Türkiyə-İran Yüksək səviyyəli Əməkdaşlıq Şurasının onlayn təşkil edilən altıncı toplantısı barədə açıqlamada əksini tapıb. Bəyanatda həmçinin, tərəflər Suriya böhranı, İraq və Əfqanıstandakı vəziyyətlərlə bağlı mövqelərini də bölüşüblər. Bildirilir ki, qonşu dövlətlərinin ərazi bütövlüyünün qorunması, sərhəd toxunulmazlığı, sabitlik və inkişaf hər iki tərəf üçün vacibdir.
Məlumat üçün bildirək ki, PKK Türkiyə dövlətini, PJAK isə İranın parçalanmasını hədəfləyən terror təşkilatlarıdır.
Qeyd edək ki, sentyabrın 8-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və İran İslam Respublikasının Prezidenti Həsən Ruhanının iştirakı ilə Türkiyə-İran Yüksək səviyyəli Əməkdaşlıq Şurasının altıncı toplantısı keçirilib. Toplantıda iki ölkə arasındakı münasibətlərin inkişaf yolları, regional məsələlər, o cümlədən yeni növ koronavirus infeksiyası ilə mübarizə məsələləri müzakirə olunub.