Türkiyədə güclü qarın yağması və temperaturun aşağı düşməsi bir sıra çətinliklər yaradıb.
AZƏRTAC xəbər verir ki, paytaxt Ankara və İstanbul da daxil olmaqla ölkənin bir sıra şəhərlərinin rayonlarında ali və orta məktəblərdə iki günlük tətil elan olunub. Bildirilir ki, Ankaranın 16 rayonunda orta məktəblərə, eləcə də 9 universitetə verilən tətil müddəti uzadıla bilər.
Qarın hündürlüyü Əskişəhər, Kastamonu, Manisa, Uşaq, Bolu və digər şəhərlərdə 10 santimetrdən çoxdur. Qarlı hava şəraitinin dekabrın 30-na kimi davam edəcəyi proqnozlaşdırılır.
Dövlət Hava Meydanları İdarə olunması Təşkilatından (DHMİ) yayılan məlumata görə, qarlı hava şəraiti səbəbindən bəzi aviareyslər təxirə salınıb.
Bildirilir ki, Ankara-Kayseri yolu tamam bağlanıb. İzmir-Ankara magistralında da ciddi problemlər yaranıb.
Ayrı-ayrı dövlət qurumları və təşkilatlar yaranmış vəziyyətlə bağlı ictimaiyyətə sosial şəbəkələr və KİV-lər vasitəsi ilə məlumat verir.