Kanal İstanbul layihəsinin həyata keçirilməsi üçün işləri 2020-ci ildə başlasaq, layihə 2025-ci ilin sonu, ən gec 2026-cı ildə tamamlanacaq.
AZƏRTAC xəbər verir ki, bu sözləri Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Mehmet Cahit Turhan deyib. Kanal İstanbul layihəsinin həyata keçirilməsini vacib edən səbəblər barədə danışan nazir bildirib ki, Bosfor Boğazı beynəlxalq dəniz nəqliyyatında istifadə edilən su yoludur. Bundan əlavə İstanbulun hər qitəsində yaşayan vətəndaşlar, şəhərə gələn turistlər də bu yoldan nəqliyyat vasitəsi və ya gəzinti üçün sıx istifadə edilirlər. Kanal İstanbulun həyata keçirilməsinin əsas səbəblərindən biri də, boğazdakı su nəqliyyatı sıxlığının aradan qaldırılmasıdır.
Nazir qeyd edib ki, son 15 il ərzində boğazdan ildə orta hesabla 48 min 296 tranzit yük gəmisi keçib. 2019-cu ildə bu rəqəm 41 min 112 təşkil edib. Son 15 ildə bu göstəricilərin azalmasına baxmayaraq, gəmilərdəki yük miqdarı 53 faiz artıb. Bu da böyük təhlükə mənbəyidir. Belə ki, bu gəmilər təbii qaz, kimyəvi və partlayıcı maddələr, eləcə də neft daşıyır.
O, burada əsas məqsədin təhlükəsiz və etibarlı dəniz nəqliyyatını təmin etmək olduğunu vurğulayıb. Qeyd edib ki, Kanal İstanbuldan hər gün 185 gəmi keçə biləcək ki, hazırda boğazdan 118-125 gəminin keçməsi mümkün deyil. Nazir buradan ildə 50 min gəmi keçəcəyi təqdirdə illik 5 milyard dollar gəlirin əldə edilməsinin mümkünlüyünü bildirib.