Son günlər Türkiyədə davam edən və yüzlərlə hektar sahəyə yayılan meşə yanğınlarınin bir hissəsi nəzarət altına alınıb.
AZƏRTAC Ihlas agentliyinə istinadla xəbər verir ki, ölkənin şimal-qərbində yerləşən Çanakkaledə yanğının söndürülməsi 40 saata yaxındır davam edir. Yanğınsöndürmə əməliyyatına 20-dən çox aviasiya vasitəsi, onlarla xüsusi texnika və 500-dən çox yanğınsöndürən cəlb olunub.
Türkiyənin Avropa hissəsindəki Tekirdağ vilayətində baş verən yanğın isə söndürülüb. Burada 300 hektardan çox meşə sahəsi yanıb.
Eyni zamanda, ölkənin şərqində yerləşən Diyarbakır və Hatay vilayətlərində güclü meşə yanğınları davam edir. Hatayda yanğını iki sutkadan sonra nəzarət altına almaq mümkün olub. Cənubdakı Mersin vilayətində də meşə yanğınları səngimək bilmir.
Türkiyədə artıq bir həftədir isti və quraq hava şəraiti hökm sürür. Bəzi yerlərdə havanın hərarəti 45-47 dərəcəyə çatır. Bir sıra vilayətlərin hakimiyyət orqanları yanğın təhlükəsi səbəbindən meşə zonalarına girişi qadağan edib.