Rəcəb Tayyip Ərdoğan Osmanlı imperiyasını bərpa etmək üçün gizli siyasət yürütməyə başlayıb. Bu barədə “Le Figaro” qəzetinin icmalçısı Reno Jirar (Renaud Girard) yazır.
FRANSIZLAR NEOSMANİZM BARƏDƏ
Fransız jurnalisti sarkazmla yazır ki, 2003-cü ildən bəri neoosmanlı sultanı Ərdoğan tərəfindən idarə olunan Türkiyə əsgərlərinin 1974-cü ildə Şimali Kiprə hücum edərək ələ keçirdiyi ərazini saxlamaq istəyir. Adanın 38%-i “Şimali Kipr Türk Respublikasına” çevrilib. Bu ölkə dünyanın heç bir dövləti tərəfindən tanınmayıb. Türkiyə həmçinin şərqi Aralıq dənizinə nəzarəti təmin etmək istəyir. Məqsəd Kipr adasının şelfində yataqların kəşfiyyatını inhisara almaq və Levantadan Yunanıstana uzanan qaz kəmərinin qarşısını almaqdır.
Məqalə müəllifi qeyd edir ki, geosiyasətdə tarixi uzunmüddətli perspektivdə başa düşmək lazımdır. Rəcəb Tayyip Ərdoğan 2011-ci ildən Osmanlı imperiyasının bərpası ilə bağlı gizli siyasət yürütməyə başlayıb. O, Türkiyənin Bosniya, Tunis, Liviya, Misir və Suriyadakı təsirini bərpa etməyə çalışıb. Plan elə də yaxşı alınmayıb. Qahirə, Dəməşq və Benqazi sonda onunla bütün münasibətləri kəsib.
Lakin prezident Ərdoğan xarakterli insandır, onu heç nə sındıra bilməz. Onun neosmanlı ambisiyaları olduğu kimi qalır. Bu gün Ərdoğan türkləri şərqi Aralıq dənizinə qaytarmaq niyyətindədir. Belə ki, 1571-ci ildə Lepanto yaxınlığındakı döyüşdən sonra türklər bu regiondan qovulub.
Noyabrın sonunda Türkiyə Fayez Saracın (Fayez al-Sarraj) Liviya hökuməti ilə təhlükəsizlik sazişi imzalayıb. Sarac Tripolinin bir hissəsinə nəzarət edir. Ancaq Kirenaik Misir tərəfindən dəstəklənən general Həftərin (Khalifa Haftar) əlindədir. Türkiyənin Tripoliyə hərbi dəstəyinin gücləndirilməsini nəzərdə tutan bu paktda şərqi Aralıq dənizinin dəniz sərhədlərini əhatə edən xüsusi iqtisadi zonaların (XİZ) bölünməsi haqqında maddə də var.
Türkiyənin dənizi bu cür işğal etməsinə etiraz əlaməti olaraq Afina, Qahirə və Nikosiya birgə bəyannamə yayımlayıblar. Yunanıstan dəstək üçün AB-ə müraciət edib. AB onun haqlı olduğunu təsdiqləyib. Ankara bildirib ki, Aralıq dənizində birgə istifadə zonası ilə bağlı tərəflər arasındakı münaqişəni həll etməyə AB-nin ixtiyarı yoxdur.
Lakin jurnalist hesab edir ki, Lepanto döyüşünün qisası kimi şərqi Aralıq dənizinin Türkiyənin hərbi dəniz donanması ilə işğalı sabahın işi deyil. Çünki Türkiyənin müttəfiqə ehtiyacı var. Ərdoğan Putinlə dialoq qura bilib, amma Rusiya hələ də Türkiyənin dəniz iddiaları ilə bağlı ehtiyatlı bəyanatlar verir. Pravoslavlığa görə ruslar Kipr və Yunanıstanla dərin dostluq münasibətləri saxlayır. Bundan başqa, onlar Misirdə hərbi rejimi müsbət qiymətləndirir və “Vaqner” qrupunun muzdluları ilə general Həftərə kömək edirlər.
Amerikalılara gəldikdə, onların Rusiyadan “S-400” zenit-raket kompleksləri əldə etdiyi üçün artıq Türkiyə ilə aralarında fikir ayrılığı var. Bu mübahisədə ABŞ Yunanıstan və Kiprin tərəfini tutub.
Amerikanın yunanlarla yaxınlaşmağa başlamasında təəccüblü heç nə yoxdur. ABŞ istəmir ki, Pirey limanına nəzarəti Çinə verən yunanlar bu böyük strateji rəqiblə daha da yaxınlaşsınlar.
Türkiyənin bu böyük Aralıq dənizi oyununda öz ambisiyalarını təmin etməyə vəsaiti varmı? O, ötən il həmin regionda hərbi dəniz qrupunu yerləşdirən Çinə müqavimət göstərə bilməz. Çünki müsəlman qardaş Ərdoğan Sincan vilayətində uyğurların müdafiəsinə qalxıb. Hazırda həmin vilayətdə Çin Kommunist Partiyası kütləvi islah əməliyyatı aparır.
Fransanın “Le Figaro” qəzetinin jurnalisti belə yazır. Amma Vilnüs Siyasi Təhlil İnstitutunun baş eksperti Marüs Laurinaviçüs milli telekanaldakı “Dienos tema” – “Günün mövzusu” verilişində Türkiyənin ünvanına olmazın ittihamlar irəli sürdü. Litvalı politoloqun qəzəbinin əsas səbəbi aydın idi.
Belə ki, NATO Rusiyanın mümkün işğalından qorunmaq üçün Baltikyanı ölkələrdə və Polşada bazalarını yerləşdirmək təklifini irəli sürdü. Türkiyə isə şərt qoydu: NATO ölkələri PKK-YPG qüvvələrini terrorçu kimi tanımasa, NATO-nun Rusiya təhlükəsinə qarşı tədbirinə razılıq verməyəcək. Məsələ bundadır ki, Litvanın təmsil olduğu NATO-da qərarlar bütün üzvlərin razılığı olmadan qəbul edilə bilməz.
LİTVALINI QORXUDAN TÜRK BALİNASI
Litvalı politoloq milli auditoriya üçün bir sıra rəqəmləri açıqlayıb. Məsələn, bu gün Türkiyənin əhalisi 81 milyon nəfərdir. Hesablamalara görə, 15-20 ildən sonra bu rəqəm 100 milyona çatacaq. Ölkənin ÜDM-si 1trillion 508 milyard dollardır. Rəsmi olaraq Ankara bu il orduya 22.4 milyard dollar həcmində vəsait ayırıb. Son 3 il ərzində Türkiyənin hərbi xərcləri ÜDM –nin 2-2.3 faizini təşkil edir. Lakin bu rəsmi rəqəmlərdir.
Türkiyənin silahlı qüvvələri (ABŞ-dan sonra NATO-da sayına görə ikinci ordudur, quru qüvvələri, hərbi dəniz, hərbi hava, jandarmeriya və sahil mühafizəsi qüvvələrindən ibarətdir) öz şəxsi heyətini əsasən 20-21 yaşında məcburi hərbi xidmətə çağırılmış vətəndaşlardan formalaşdırır. Müddətli hərbi xidmət 6 -15 ay arasındadır. Tərxisdən sonra vətəndaş yenə də hərbi mükələffiyyətli sayılır və 45 yaşa qədər hərbi qeydiyyatda olur. Ümumilli hərbi vəziyyət elan olunduqda 16-60 yaş arası bütün kişilər və 20-46 yaş arası bütün qadınlıar orduya çağırıla bilərlər.
Hərbi xidmət bitdikdən sonra sıravilər və çavuşlar daha bir il xüsusi ehtiyatda (1-ci sıra ehtiyat) saxlanılırlar. Sonra isə onları 41 yaşına qədər 2-ci sıra ehtiyat siyahısına keçirirlər. Türkiyə Baş Qərargahı operativ komandanlığı gerçəkləşdirir. Ali Baş Qərargahın rəisi cumhur başqanı, TBMM sədri və baş nazirdən sonra ölkədə 4-cü yüksək hakimiyyət adamı hesab olunur.
Litvalı politoloq Baltikalı tamaşaçıları Türkiyə təhlükəsi ilə qorxutmağa da cəhd edirdi: “Türklərin döyüşkənliyi barədə bütün dünya bilir. 100 illər boyu İstanbuldan min km uzaq ərazilərə nəzarət edirdilər. İndi bu potensial qüvvə NATO –da öz hüquqlarını tələb etməyə başlayıb və öz tərs üzünü nümayiş etdirir. Artıq Ankaranın Avropa Müdafiə İttifaqında yeri ola bilməz. Türkiyə artıq Qərbin düşmənidir”.
Litvalı politoloqun antitürk emosional çıxışlarını elə öz ölkəsində lağa qoydular. Bildirirdilər ki, bir baxın, Litva ilə müqayisədə nəhəng balina olan Türkiyəyə Laurinaviçüsün telekanallardan meydan oxumağa cürəti çatıb?!
Litvalı politoloqun məzhəkə hədəfi olması tam ayrı bir mövzudur. Amma biz onun emosional çıxışında Qərbin Türkiyəyə münasibətdə şüuraltı nifrətini və qorxusunu görürük.
GÜCLÜ TÜRKİYƏ — AZƏRBAYCANIN QURTULUŞU!
Son 10 il ərzində dünyada geopolitik düzümün dəyişməsini göstərən ən bariz nümunələrdən biri məhz Türkiyənin özü üçün daha geniş hüquqları təsbit etməsidir. Biz Türkiyənin artıq ABŞ-ın və Qərbin idarəsi altından çıxıb öz müstəqil siyasətini yeritməsinin şahidiyik. ABŞ və Rusiya arasında çevik siyasət apararaq Türkiyə Aralıq dənizində, Balkanlarda, Ön Asiyada öz hüquqlarını tələb etməklə nüfuz dairəsini genişləndirməkdədir. Sözsüz ki, ilk növbədə Türkiyənin bu cür fəallığı Qərbin, əsasən ABŞ-ın siyasi dairələrinin ürəyincə deyil.
Rusiya Türkiyə ilə Suriyada öz sərhədlərini cızmışdır. Rusiyanın iqtisadi durumu və Qərbin sanksiyaları Moskvanı məcbur edir ki, Türkiyənin yeni qüvvə kimi meydana çıxmasına dözümlü yanaşsın və hətta, bir sıra məsələlərdə əməkdaşlığa getsin.
Azərbaycan göründüyü qədər hələ ki, Rusiyanın siyasi-hərbi nüfuz dairəsindədir. Amma buna baxmayaraq, Qarabağ məsələsində Türkiyənin mövqeyi prinsipialdır. Bizim torpaqlarımız azad olmayana kimi Rusiyanın “ermənistan” hərbi bazası blokadada qalacaq. Hələ ki, Qarabağ məsələsində Türkiyənin real gücü buna çatmaqdadır.
Biz bacardıqca, Türkiyənin güclənməsi və Rusiyanın və ABŞ-ın Cənubi Qafqazda mövqeyinin zəifləməsinə dəstək olmalıyıq.
Arxasında ABŞ və Rusiya durmuş erməni qüvvəsinə qarşı Azərbaycan “Yer” adlı planetdə yalnız güclü Türkiyənin dəstəyi sayəsində duruş gətirə və torpaqlarını azad etməyə şansı ola bilər. Həmçinin, Azərbaycan Türkiyə ilə münasibətindəki strategiyasında belə bir faktı da nəzərə almalıdır ki, Türkiyədə hakimiyyətə Rusiya və ABŞ qarşısında zəif mövqe tuta bilən siyasi qüvvə də gələ bilər. Ona görə də Azərbaycan Türkiyənin güclənməsinə istiqamətlənmiş Türk siyasi qüvvələri ilə əməkdaşlığı bir gün də belə zəiflətməməlidir.
Qarxunlu
“Millətçilik” qəzeti