Türkiyənin hakim partiyası PKK terrorçularının tərksilah olmaları ilə bağlı çağırışı şərh edib

Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Efkan Ala hakim partiyadan ilk nümayəndə olaraq PKK terror təşkilatının ömürlük həbs cəzası çəkən başçısı Abdulla Öcalanın bu qanlı strukturun tərksilah olması ilə bağlı çağırışını şərh edib.

AZƏRTAC xəbər verir ki, Efkan Ala Türkiyə hakimiyyətinin sözlərə deyil, faktlara inandığını bəyan edib. “Çağırışın mahiyyəti terror təşkilatının tərksilah olunması və özünü ləğv etməsidir. Biz nəticəyə baxacağıq”, – deyə hakim partiyanın sədr müavini söyləyib.

Onun sözlərinə görə, terrorçular həqiqətən də silahlarını yerə qoysalar, Türkiyə “terrorizm qandallarını üzərindən atacaq”.

Siyasətçi qeyd edib ki, Türkiyə və Prezident Rəcəb Tayyib Ərdoğanın timsalında ölkə rəhbərliyi terrorizm təhlükəsi mövzusunu ölkə gündəmindən çıxarmaq üçün lazım olan bütün tədbirləri görüb.

AKP nümayəndəsi terrorizmlə mübarizədə uğurlu addımlara diqqət çəkib. “Terror təşkilatlarına qarşı mübarizə aparmaqla terrorizmi məhv etmək hədəfinə nail olacağıq”, – deyə Ala əmin edib.

Bundan əvvəl DEM Parti müxalif partiyasının nümayəndə heyəti İmralı adasına səfər edərək PKK rəhbəri Abdulla Öcalanla görüşüb. Görüşün yekunlarına dair keçirilmiş mətbuat konfransında DEM Parti partiyasının nümayəndələri PKK liderinin təşkilatın ləğv edilməsi və tərksilah olunması ilə bağlı bəyanatını səsləndiriblər.

ƏvvəlkiAzərbaycanın COP29 Sədrliyinin “İqlim və Sülh” gündəliyinin icrasına başlanılıb
NövbətiXİN: Ermənistanın Sumqayıt hadisələri ilə bağlı bəyanatında ölkəmizə qarşı tarixi faktlar saxtalaşdırılıb