Azərbaycanda səfərdə olan Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Bakıda Türk şəhidliyini ziyarət edib.
“Report” xəbər verir ki, nazir abidənin önünə əklil qoyub, xatirə dəftərinə ürək sözlərini yazıb.
“Soylu türk millətinin qəhrəman oğulları, əziz şəhidlərimiz. Can qardaşlarınızla birlikdə Azərbaycanın suverenliyi, müstəqilliyi uğrunda canlarını fəda edən, şəhidlik zirvəsinə çatan siz qəhramanlarımızın mənəvi hüzurunda olmaqdan şərəf duyuram.
Sizin bu torpaqlarda apardığınız mübarizə tariximizin qızıl səhifələrində öz yerini tutub.
Sizin cəsarət və fədakarlığınız “bir millət, iki dövlət” anlayışının və tarixdən gələn sarsılmaz qardaşlıq bağlarımızın əbədi simvolları kimi həmişə fəxrlə xatırlanacaq və heç vaxt unudulmayacaq. Qəhrəman şəhidlərimizin mənəvi mirasını qorumaq, sizlərin əmanətini daim uca tutmaq bizim borcumuzdur. Birlikdə çiyin-çiyinə vuruşduğunuz, şəhidliyə doğru addımladığınız Azərbaycanlı qardaşlarınızla əbədi istirahətinizdə rahat yatın.
Bakının azadlığı uğrunda mübarizədə şəhidlik zirvəsinə çatan sizlər başda olmaqla soylu millətimizin varlığı uğrunda canlarını fəda edən bütün şəhidlərimizin xatirəsini rəhmət və ehtiramla yad edirəm. Ruhunuz şad olsun”, – Y.Gülər xatirə dəftərinə yazıb.
Qeyd edək ki, Y.Gülər Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin 10-cu üçtərəfli görüşündə iştirak etmək üçün Bakıda səfərdədir.