“Özbəkistan türk dünyasının ən vacib ölkələrindən biridir”.
Türk.az xəbər verir ki, bunu Bakıda səfərdə olan Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu jurnalistlərə açıqlamasında deyib.
“Özbəkistanın Türk Şurasına üzvlüyü tarixi addımdır. Onun iştirakı təşkilatın güclənməsinə səbəb olacaq. Biz, Türkiyə və türk xalqları olaraq, bundan çox məmnunuq”, – M.Çavuşoğlu bildirib.
Xatırladaq ki, oktyabrın 15-də Bakıda Türk Şurasının VII sammiti keçiriləcək.
Zirvə görüşü Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında Naxçıvan sazişinin imzalanmasının 10 illiyinə həsr edilib. Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə təşkilatın təsisçi üzvləridir.
Bakıda Özbəkistanın təşkilata daxil olmasına dair rəsmi qərarın qəbul ediləcəyi gözlənilir.