Türkiyənin meşə yanğınlarına məruz qalan İzmir vilayətində dəyən zərərin hesablanmasına başlanıb. Bu məqsədlə şəhərdə 52 bina və 97 ev araşdırılıb. Onlardan 43 bina və 45 fərdi yaşayış evinin alovun təsirindən dağıldığı, ağır və ya orta dərəcədə zərər gördüyü müəyyən edilib. Hazırda bu bölgədə yanğın nəzarət altına alınıb və soyutma işləri davam edir.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum mətbuata açıqlamasında bildirib.
Nazir deyib ki, İzmirin Tire və Urla rayonlarında dünən gecə saatlarında başlayan yanğın da söndürülüb. Soyutma işləri başa çatdıqdan sonra orada da zərərin hesablanmasına başlanılacaq.
Bundan əlavə, Manisanın zərər çəkən kəndlərində də araşdırmalar aparılır. Orada baxış keçirilən 46 binanın 36-sında, 66 fərdi yaşayış evinin isə 52-sində müxtəlif səviyyələrdə zərər müəyyən edilib.