İraqın paytaxtı Bağdadda yerləşən “Türkmən Qardaşlıq Ocağı”nda “Türkmən məcburi köçkünlərin doğma bölgələrinə qayıtması” mövzusunda seminar təşkil olunub.
AZƏRTAC xəbər verir ki, seminar Azərbaycanın İraqdakı səfirliyi və Kərkükün Birlik Araşdırma Mərkəzi ilə birgə təşkil olunub.
Seminarda Səddam Hüseyn rejimi dönəmində və İŞİD hücumları nəticəsində doğma yurdlarından deportasiya edilən İraq türkmənlərinin geri dönmələrinə mane olan çətinliklər, bu problemlərin aradan qaldırılması və məcburi köçkünlərin uğurlu qayıdışının təmin edilməsi yolları müzakirə edilib.
Azərbaycanın İraqdakı səfirliyinin müvəqqəti işlər vəkili Elnur Məmmədzadə çıxışında 20-ci əsr ərzində yüz minlərlə Qərbi Azərbaycanlının Ermənistan ərazisindən zorla deportasiya edildiyini diqqətə çatdıraraq, Ermənistan hökumətinin sülhün və insan hüquqlarına hörmətin bərqərar olmasında maraqlı olmadığını bildirib. E. Məmmədzadə Ermənistan hökumətindən qeyri-konstruktiv siyasətinə son verməsi, etnik təmizləməyə məruz qoyduğu Qərbi Azərbaycanlıların Ermənistana təhlükəsiz şəkildə qayıdışına şərait yaratması və sülh üçün üzərinə düşən addımları atmasının tələb olunduğunu vurğulayıb.
Seminarda İraq Nümayəndələr Şurasının insan haqları komitəsinin sədri, türkmən millət vəkili Ərşad Salihi, Türkiyəli araşdırmaçı-yazar Yaşar İçen, İraq İnsan Haqları Komissiyasının keçmiş üzvü, “Mərhəmət” humanitar cəmiyyəti və Qadın Hüquqşünaslar Forumunun prezidenti Faten Əl-Hələfi, türkmən və ərəb siyasi, mədəniyyət və akademik dairələrin nümayəndələri iştirak ediblər.