2022-ci il 17 may tarixində Baş katib Mehmet Süreyya Erin başçılığı ilə TÜRKPA nümayəndə heyəti İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (İƏTPA) “Post-pandemiya dövründə əməkdaşlıq: çağırışlar və bərpa imkanları” mövzusunda Azərbaycan Respublikası Milli Məclisinin ev sahibliyində keçirilmiş Üçüncü Ümumi Konfransında iştirak edib. TÜRKPA üzv parlamentlərinin sədr və sədr müavinlərinin rəhbərlik etdiyi parlament nümayəndə heyətləri tədbirə qatılıb.
Milli Məclisin sədri Sahibə Qafarova Konfransda açılış nitqi ilə çıxış edib. Xanım Qafarova İƏTPA-nın sədrliyinin Pakistan İslam Respublikası Milli Assambleyasından Azərbaycan Respublikası Milli Məclisinə keçdiyi barədə məlumat vermişdir.
Konfransda iştirak edən nümayəndə heyəti başçıları – Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Raca Pərviz Əşrəf, Tacikistan Respublikası Ali Məclisinin Nümayəndələr Palatasının sədri Mahmadtoir Zokirzoda, Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop, Özbəkistan Respublikası Ali Məclisinin Qanunvericilik Palatasının sədri Nurdinjon İsmoilov, İran İslam Respublikası İslam Şurası Məclisi sədrinin müavini Əli Nikzad, Qazaxıstan Respublikası Parlamenti Məclisi sədrinin müavini Balaim Kesebayeva, Qırğız Respublikası Joqorku Keneşinin sədr müavini Ulan Primov tədbir zamanı çıxış edib. Nümayəndə heyəti başçıları üzv dövlətlər arasında iqtisadi, ticarət, nəqliyyat, turizm sahələrində qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi zərurətini və bu baxımdan parlamentlərin rolunu vurğulamışdır. Onlar regionda sosial-iqtisadi inkişafa töhfə verilməsi, o cümlədən parlament nümayəndə heyətlərinin ikitərəfli və çoxtərəfli əlaqələrinin möhkəmləndirilməsində Konfransın əhəmiyyətini qeyd etmişdir.
Tədbir Bakı Bəyannaməsinin imzalanması ilə başa çatmışdır.