İspaniyanın Santyaqo de Kompostela şəhərində güləş üzrə U-20 Avropa çempionatı start götürüb.
AZƏRTAC xəbər verir ki, yarışın ilk günündə 55, 63, 77, 87 və 130 kiloqram çəki dərəcələrində çıxış edən yunan-Roma güləşçiləri mübarizə aparıblar.
Martda 60 kiloqram çəki dərəcəsində U-23 Avropa çempionatının qalibi olan Elmir Əliyev (55 kq) çətinlik çəkmədən finala yüksəlib. E.Əliyev ispaniyalı Xames Kastano (9:0), fransalı İliyan Aynau (7:0), türk Muhammet Emin Çakır (10:1) və ermənistanlı Homeros Arakelyan (8:0) üzərində böyük hesablı qələbə qazanıb. Güləşçimiz finalda ukraynalı Marko Voloşinlə güləşəcək.
Fəraim Mustafayev (63 kq) bolqarıstanlı Xristiyan İvanova 9:0 hesabı ilə qalib gələrək dörddəbir finala yüksəlsə də, ermənistanlı Yurik Hoveyanla gərgin mübarizə şəraitində keçən qarşılaşmadan məğlub ayrılıb – 5:8. Rəqib finaladək irəlilədiyi üçün millimizin üzvü təsəlliverici görüşdə iştirak hüququ qazanıb. F.Mustafayevin rəqibi çexiyalı Matous Yankeviç olacaq.
Davud Məmmədov (77 kq) səkkizdəbir finalda ermənistanlı Vahe Hovannisyana şans tanımayıb – 7:1. Güləşçimiz növbəti mərhələdə ukraynalı Ruslan Abdiyevdən güclü olub – 4:2. D.Məmmədov yarımfinalda bolqarıstanlı Martin Dimitrovu da üstələyərək (7:1) adını Avropa çempionatının finalına yazdırıb. Pəhləvanımız həlledici görüşdə rumıniyalı Aleksandru Soloveylə qarşılaşacaq.
Mübarizəyə dörddəbir finaldan qoşulan Məzaim Mərdanov (130 kq) yunanıstanlı Axilles Xrisidisə sonuncu xal prinsipinə əsasən (1:1) qalib gələrək yarımfinala yüksəlib. Yarımfinalda estoniyalı Eerik Pankla görüş dramatik alınıb. 0:7 hesabı ilə geri düşən Şəmkir güləş məktəbinin yetirməsi əsl əzmkarlıq nümayiş etdirərək, yekunda 8:7 hesablı qələbə qazanıb. Güləşçimiz finalda macarıstanlı Laşlo Darabosla mübarizə aparacaq.