AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun İctimaiyyətlə Əlaqələr Şöbəsindən “Millətçilik” qəzetinə daxil olmuş məlumata görə, İnstitutun elmi işlər üzrə direktor müavini, t.ü.e.d. Nəcəf Müseyibli bu yaxınlarda Gəncə-Qazax bölgəsində elmi səfərdə olmuşdur. Goranboy, Şəmkir, Tovuz və Ağstafa rayonlarında orta əsrlərə, son tunc-erkən dəmir dövrünə aid bir sıra abidələrin vəziyyəti yoxlanılmış, yerüstü materiallar əsasında həmin arxeoloji abidələrin səciyyəsi müəyyənləşdirilmişdir. Bir sıra abidələrdə təbii və süni müdaxilələr nəticəsində dağıntıların baş verdiyi qeydə alınmışdır.
Təbii və antropogen təsirlər nəticəsində dağıntıya məruz qalmış qədim qəbir abidələrinin birində qızıldan və tuncdan hazırlanmış bəzək əşyaları aşkar edilmişdir. Bunlar olduqca yüksək ustalıqla, nəfis hazırlanmış bir cüt sırğa, üzük, armudvari və boru şəkilli muncuqlar və asma bəzək əşyalarıdır. Üzüyün qaşı və üstü, asma bəzəklər minerallarla bəzədilmişdir. Bu əşyalarla yanaşı abidənin dövrünü müəyyən etmək üçün başlıca tapıntılar – saxsı qabların fraqmentlərindən ibarət keramika məmulatı əsasında həmin bəzək nümunələrini erkən dəmir dövrünə – e.ə. I minilliyin birinci yarısına aid etmək olar. Eyni zamanda bu bəzəklərin bəzi analogiyaları sonrakı antik dövrdən də məlumdur. Bütün bu tapıntılar hələ 2700-3000 il bundan əvvəl Azərbaycanda qızıl metallurgiyasının yüksək inkişaf səviyyəsində olduğunu sübut edir.
Hazırladı: Sevda Elay (Əskərova)