Bakıda Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin nümayəndələrinin iştirakı ilə “Üç qardaş – 2021” beynəlxalq təliminin bağlanışına həsr olunan təntənəli mərasim keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, birgə təlimlərin başa çatması münasibətilə Xüsusi Təyinatlı Qüvvələrin komandanı general-leytenant Hikmət Mirzəyev hərbi qulluqçuları təbrik edib.
İştirakçı ölkələrin dövlət himnləri ifa olunduqdan sonra general-leytenant Hikmət Mirzəyev qonaqlara və şəxsi heyətə müraciət edərək bildirib: “Təlimdə iştirakçılar yüksək bacarıq nümayiş etdirərək tapşırıqları uğurla yerinə yetirdilər. Əminəm ki, təlimlər zamanı bacarıqlarınızın artırılması ilə yanaşı, peşəkar həyatınız üçün çox faydalı olan fikir və təcrübə mübadiləsi imkanı əldə etdiniz. Birgə təlimlər xalqlarımız arasındakı dostluğun, ölkələrimiz arasında sıx əməkdaşlığın bir nümunəsidir. Təlim döyüş sahəsində üç qardaş ölkənin hərbçilərinin bir yerdə olması, çiyin-çiyinə tapşırıq yerinə yetirməsi hər birimizi qürurlandırdı”.
Təlim iştirakçılarını salamlayan Türkiyə Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələrinin komandanı general-leytenant Ömer Ertuğrul Erbakan “Üç qardaş-2021” təliminin uğurla tamamlandığını böyük qürur hissi ilə vurğulayıb: “Aramızda var olan qardaşlıq bağları çox güclü olub və bundan sonra daha da güclənəcək. Üç ölkənin xüsusi təyinatlıları arasındakı qarşılıqlı işbirliyi, təhsil və təlim fəaliyyətləri bundan sonra da davam edəcək”.
Pakistan İslam Respublikası Silahlı Qüvvələrinin Təhlükəsizlik və Antiterror İdarəsinin rəisi general-mayor Mümtaz Hüseyn isə qeyd edib: “Çiyin-çiyinə dayanan Azərbaycan, Türkiyə və Pakistandan olan xüsusi təyinatlı qardaşlar arasında icra edilən birgə təlimin şahidi olmaq mənim üçün həqiqətən böyük şərəf və qürurdur. Təlim zamanı xüsusi təyinatlılar tərəfindən nümayiş olunan peşəkarlıq təqdirəlayiqdir. “Üç qardaş-2021” təliminin həyata keçirilməsi üçün qarşıya qoyulan məqsədlərə nail olunub. Bu da bütün iştirakçıların peşəkarlıq səviyyəsinin artırılmasına töhfəsini verəcək”.
Çıxışlardan sonra təlim iştirakçılarına xatirə hədiyyələri təqdim edilib və onlara gələcək xidmətlərində uğurlar arzulanıb.
“Üç qardaş – 2021” beynəlxalq təliminin bağlanışına həsr olunan təntənəli mərasimin rəsmi hissəsi başa çatdıqdan sonra Əməkdar incəsənət xadimi, polkovnik Abdulla Qurbaninin ssenarisi və rejissorluğu ilə hazırlanan “Bu gün bir yerdəyik, sabah da bir yerdə olacağıq!” adlı teatrlaşdırılmış mədəni proqram təqdim edilib.