Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Ucar rayonu, 28 may küçəsində yerləşən bazar ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub.
AZƏRTAC xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Ucar, Ağdaş və Göyçay rayon Yanğından Mühafizə hissələrinin qüvvələri əraziyə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının bazar ərazisində bir-birinə bitişik tikilmiş obyektlərdə baş verdiyi və yayılma riskinin yüksək olduğu müəyyən olunub.
Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın genişlənərək daha böyük sahəyə yayılmasına, o cümlədən yaxınlıqdakı evlərə keçməsinə imkan verilmədən söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 2510 kv.m. olan bazar ərazisində bir-birinə bitişik tikilmiş 8 müxtəlif təyinatlı mağazanın yanar konstruksiyaları 270 kv.m. sahədə yanıb.
Bazarın böyük hissəsi və yaxınlıqdakı yaşayış evləri yanğından mühafizə olunub.