Ucarda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Ucar-Zərdab yolunun rayonun Qarabörk kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Ucar rayon Lək kənd sakini, 30 yaşlı Fərhad Məmməd oğlu Hüseynov “Mercedes” markalı minik avtomobili ilə hərəkətdə olarkən qarşısına çıxan iribuynuzlu heyvanı vurub.
Digər rayon sakini, 30 yaşlı Fərman Abuzərov isə kömək məqsədilə idarə etdiyi “VAZ 2106” markalı minik avtomobilini yol kənarında saxlayıb. Arxadan gələn Qeys Əmirovun idarə etdiyi “BMW” markalı minik avtomobili isə “VAZ 2106″ya çırpılıb. Zərbənin gücündən “BMW” yoldan çıxaraq aşıb.
Nəticədə hər üç avtomobil yararsız hala düşüb və Sumqayıt şəhər sakini, 46 yaşlı Vüqar İmamqulu oğlu Quliyev müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Ucar Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Hazırda faktla bağlı araşdırma aparılır.