Hər il noyabrın 17-si Azərbaycan Xalq Cümhuriyyətinin atributu olan üçrəngli, ay-ulduzlu bayrağın yenidən Azərbaycanın müstəqillik rəmzi kimi Naxçıvan muxtar Respublikasında qaldırıldığı gün kimi qeyd olunur.
1990-cı il noyabrın 17-si müstəqillik tariximizə çox
əhəmiyyətli tarixi gün kimi düşüb
1990-cı il noyabrın 17-si müstəqillik tariximizə çox əhəmiyyətli tarixi gün kimi düşüb. Xalqımızın həyatında dönüş nöqtəsi sayılan həmin əlamətdar hadisə ulu öndər Heydər Əliyevin tarixi xidmətləri ilə bağlıdır. Xalqımızın ümummilli lideri Heydər Əliyevin 1990-cı ilin iyulunda Naxçıvana qayıdışı və bu qədim Azərbaycan diyarında milli dövlətçiliyimizin bərpası istiqamətində atdığı tarixi addımlar, nəinki Naxçıvanı, bütövlükdə, Azərbaycanı məhv olmaq təhlükəsindən xilas etdi. Ölkədə cərəyan edən mürəkkəb və ziddiyyətli bir dövrdə Naxçıvana rəhbərlik edən dahi liderin milli dövlət quruculuğu sahəsində qəbul etdiyi mühüm qərarlar Azərbaycanın müstəqil, demokratik və dünyəvi dövlət kimi gələcək fəaliyyətinin siyasi və ideoloji əsaslarını müəyyənləşdirdi. Bu dövrdə xalqda milli özünüdərki gücləndirən, milli dövlət rəmzlərinə hörmət təlqin edən genişmiqyaslı addımlar atıldı. 1990-cı il noyabrın 17-də Naxçıvan Ali Sovetinin sessiyasında Ulu Öndərimizin təşəbbüsü ilə müstəqil Azərbaycan dövlətçiliyinin bərpası istiqamətində bir çox məsələlər müzakirə olundu, “Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adının dəyişdirilməsi haqqında”, “Naxçıvan Muxtar Respublikası Ali Dövlət hakimiyyəti orqanı haqqında”, “Naxçıvan Muxtar Respublikasının Dövlət rəmzləri haqqında” tarixi qərarlar qəbul edildi. “Naxçıvan Muxtar Respublikasının Dövlət rəmzləri haqqında” Qərara əsasən müstəqilliyimizin əsas atributlarından olan Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi qəbul olundu. Bununla əlaqədar ümummilli lider Heydər Əliyevin öz əli ilə yazdığı Ali Məclisin Qərarında deyilirdi:
Naxçıvan Muxtar Respublikası Ali Məclisi qərara alır:
1) İlk Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət Bayrağı Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi təsis edilsin.
2) Naxçıvan Muxtar Respublikasının digər dövlət rəmzi – Dövlət Himni və gerbi haqqında məsələ öyrənilib Naxçıvan Muxtar Respublikası Ali Məclisinin müzakirəsinə verilsin.
3) Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət Bayrağının, bütövlükdə, Azərbaycan SSR-in dövlət rəmzi kimi təsis edilməsi məsələsi qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan SSR Ali Sovetindən xahiş edilsin.
Bundan sonra yeni qəbul olunmuş bayraq zala gətirilib, beləliklə, Azərbaycan Xalq Cümhuriyyətinin 70 il əvvəl endirilmiş ay-ulduzlu üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi ucaldılıb.
Bizim müstəqilliyimizə gedən yol 1990-cı il noyabrın 17-dən başlayıb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib: “1990-cı il noyabrın 17-də Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvanda rəsmi bayraq kimi qəbul edildi. Bu tarixi videolar var… Ancaq, eyni zamanda mən istərdim ki, hər kəs bu tarixi bilsin və müstəqilliyin əsas səbəbkarlarını tanısın. Bizim müstəqilliyimizə gedən yol məhz 17 noyabr 1990-cı ildən başlamışdır ki, indi dövlət bayrağımız olan üçrəngli bayraq dövlət bayrağı kimi təsis edildi…”
1991-ci il fevral ayının 5-də Azərbaycan Respublikası Ali Soveti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsatətinə baxıb və üçrəngli bayrağın Azərbaycanın Dövlət Bayrağı kimi qəbul edilməsi haqqında Qərar qəbul olunub.
Böyük dövlət xadimi Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra Dövlət Bayrağı da milli suverenliyin simvolu kimi təsdiq olundu, Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında normativ aktlar qəbul edildi. Ulu Öndərimizin rəhbərliyi altında hazırlanaraq 1995-ci ildə ümumxalq referendumu ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasında üçrəngli bayrağımız dövlət rəmzi kimi təsbit edilib. Burada göstərilir ki, Azərbaycan Respublikasının Dövlət Bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzidir. Bayrağımızdakı mavi rəng Azərbaycan xalqının türk mənşəli olmasını, qırmızı rəng müasir cəmiyyət qurmaq, demokratiyanı inkişaf etdirmək istəyini, yaşıl rəng İslam sivilizasiyasına mənsubluğunu ifadə edir.
Azərbaycanın bayrağı bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir
Ümummilli lider Heydər Əliyev deyib: “Azərbaycanın bayrağı, sadəcə, bayraq deyil. O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Gərək hər bir evdə Azərbaycan dövlətinin bayrağı olsun, hər bir ailə Azərbaycan bayrağına itaət etsin. Bu bayraq gərək hər bir ailənin həyatının əziz bir hissəsi olsun”. Görkəmli dövlət xadiminin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev dövlət atributlarımıza xüsusi ehtiramla yanaşır. Ölkəmizin bütün bölgələrində üçrəngli bayrağımızın şərəfinə meydanlar yaradılıb. Belə bayraq meydanlarından biri də dövlət atributlarımıza sevgi və hörmətin göstəricisi kimi Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikasındadır.
Bayrağımız Naxçıvan şəhərinin ən hündür ərazisində qürurla dalğalanır
Muxtar respublikamızda dövlət rəmzlərinin qorunması, yaşadılması və təbliğinə böyük diqqət göstərilir, dövlət rəmzlərimiz və atributlarımız daim uca tutulur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun 2014-cü il avqustun 22-də imzaladığı “Naxçıvan şəhərində Dövlət Bayrağı Meydanı və Muzeyinin yaradılması haqqında” Sərəncam bu baxımdan mühüm əhəmiyyət kəsb edir. 2014-cü il noyabrın 17-də Dövlət Bayrağı Meydanı və Muzeyinin təntənəli açılış mərasimi keçirilib. Naxçıvan şəhərindəki Bayraq Meydanında unikal quruluşa malik Bayraq Muzeyi yaradılıb. Dövlət Bayrağı Muzeyi Naxçıvan şəhərinin ən hündür ərazisində yerləşir. Bayraq dirəyinin ətrafında yaradılmış muzey səkkizguşəlidir. Meydanda dalğalanan Dövlət Bayrağının uzunluğu 20, eni 10, bayraq dirəyinin hündürlüyü isə 57 metrdir. Muzeydə nümayiş olunan ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının ali qanunverici orqanında qəbul edilən “Naxçıvan Muxtar Respublikasının Dövlət rəmzləri haqqında” Qərarın surəti və həmin tarixi günə aid fotoşəkillər, tarixən Naxçıvan ərazisində mövcud olmuş dövlətlərin, eləcə də Naxçıvan xanlığının bərpa olunmuş bayraqları, gerbləri və inzibati xəritələri, Naxçıvan xanlığının süvari dəstələrinə verilən bayraqlar, döyüşçü libasları, Naxçıvan Muxtar Respublikasının müxtəlif illərdə qəbul olunmuş konstitusiyaları dövlətçilik tariximizi, Naxçıvanda mövcud olmuş qədim dövlətlərin tarixini öyrənməyə geniş imkanlar yaradır, gənc nəslin dövlətçilik ənənələrinə sədaqət ruhunda tərbiyə edilməsi işində mühüm rol oynayır.
Bayraq meydanları dövlət atributlarımıza olan sevgi və hörmətin göstəricisidir
Naxçıvan şəhərindəki Bayraq Meydanından sonra muxtar respublikanın digər bölgələrində də istifadəyə verilən Bayraq meydanlarında üçrəngli bayrağımız dövlət atributlarımıza olan sevgi və hörmətin göstəricisi, qələbənin simvolu kimi əbədi yüksəkliyə qaldırılıb.
Bu il martın 11-də muxtar respublikanın Qərbə açılan qapısı – Sədərək rayonunda Bayraq Meydanı istifadəyə verilib. Həmin gün “Sədərək rayonundakı Bayraq Meydanında üçrəngli bayrağımız İkinci Qarabağ müharibəsində qazanılan qələbə və şəhidlərin xatirəsinə qaldırılır”, – deyən Ali Məclisin Sədri qurğunu işə salıb, üçrəngli dövlət bayrağımız əbədi yüksəkliyə ucalıb.
8 Noyabr – Zəfər Günündə isə Kəngərli rayonunda möhtəşəm Bayraq Meydanının açılışı olub. Açılış mərasimində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov deyib: “Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, “Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş torpaqları azad edilməlidir, müstəqil dövlət kimi Azərbaycan bütün ərazisinin sahibi olmalıdır, öz sərhədlərinə tam nəzarət etmək hüququna nail olmalıdır”. Ulu Öndərin yolunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ordumuz İkinci Qarabağ müharibəsində torpaqlarımızı işğaldan azad etmiş, Azərbaycan düşmən üzərində tarixi Qələbə qazanmışdır. Əgər 1993-cü ildə Ümummilli Liderimiz Azərbaycanı parçalanmaq və müstəqilliyini itirmək təhlükəsindən xilas edərək Milli Qurtuluşa qovuşdurmuşsa, bu yolu uğurla davam etdirən ölkə Prezidentinin rəhbərliyi ilə 2020-ci ildə torpaqlarımız işğaldan azad olunmuş, ərazi bütövlüyümüz tam təmin edilmişdir”.
Üçrəngli bayrağımız qədim torpaqlarımızda əzəmətlə dalğalanır
Bu gün üçrəngli bayrağımız dövlətimizin gücünün və xalqımızın milli birliyinin nişanəsi kimi dünyanın ən nüfuzlu beynəlxalq təşkilatlarında, mötəbər mərasimlərdə, ən yüksək zirvələrdə dalğalanır. Qürurverici haldır ki, illər öncə Prezidentimizin dediyi “Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndidə, Şuşada dalğalanacaqdır. O günü biz hər an öz işimizlə yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq” ifadələri bu gün artıq reallığa çevrilib. Ötən il 44 günlük Vətən müharibəsində Rəşadətli Ordumuzun peşəkarlığı, Müzəffər Ali Baş Komandanımızın qətiyyətli iradəsi sayəsində tarixi Qələbə qazandıq. İndi əzəmətli Azərbaycan bayrağı əzəli, qədim torpaqlarımız olan, yenidən dirçəldilən, qurulan Cəbrayılda, Füzulidə, Zəngilanda, Qubadlıda, Hadrutda, Suqovuşanda, Ağdamda, Kəlbəcərdə, Laçında, Şuşada, digər kənd və qəsəbələrimizdə, xalqımızın tarixi birlik və qəhrəmanlıq simvolu olan Xudafərin körpüsü üzərində dalğalanır.
Xalqımız onu nicat yoluna çıxaran, dövlətçiliyimiz, müstəqilliyimiz yolunda mütərəqqi addımın atıldığı, Azərbaycanın müstəqillik rəmzi sayılan Dövlət Bayrağının muxtar respublikada qaldırıldığı 17 noyabr tarixini heç zaman unutmayacaq, gələcək nəsillər dahi siyasətçinin Naxçıvandan başladığı tarixi xilaskarlıq missiyasını daim hörmət və ehtiramla xatırlayacaqlar.