Ukraynanın 7 ay əvvəl açdığı Qara dəniz dəhlizi ilə artıq 30 milyon tona yaxın yük daşınıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Ukraynanın bərpası üzrə Baş nazirin müavini – icmaların, ərazilərin və infrastrukturun inkişafı naziri Oleksandr Kubrakov telemarafonda məlumat yayıb.
Bildirib ki, yerli məhsullar hazırda dünyanın ən azı 38 ölkəsinə ixrac edilir. Eyni zamanda, dekabr-fevral aylarında Odessa limanlarında daşınan malların həcmi xeyli artıb.
“Gündəlik giriş-çıxış üçün karvanlar formalaşır. Söhbət Odessa limanlarında onlarla gəmidən gedir. Həmçinin Dunay klasterinin limanlarında yük dövriyyəsinin əhəmiyyətli artımından danışmaq olar. Son ay ərzində oradan 2 milyon tona yaxın müxtəlif növ yük daşınıb”, – deyə nazir qeyd edib.
Kubrakovun sözlərinə görə, Rusiya bu gün Ukraynanın ixracını dayandıra bilmir və buna görə də liman infrastrukturunu məhv etməyə çalışır: “2023-cü ilin iyul ayından Rusiya silahlı qüvvələri Ukraynanın liman infrastrukturuna qarşı 880-dən çox kamikadze drondan və 170 raketdən istifadə edib”.