Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətiilə Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyində keçirilən silsilə tədbirlər çərçivəsində kollektiv tərəfindən ağacəkmə aksiyası keçirilib.
Trend-in məlumatına görə, Suraxanı rayonunun Hövsan qəsəbəsində iqlimə və relyef şəraitinə uyğun 300-dən artıq şam ağacı əkilib. Ağacəkmə tədbirlərinin keçirilməsində məqsəd yaşıllıqların artırılmasına, ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük önəm verən Ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, ümummilli liderin təbiətə, yaşıllıqlara qayğı ənənələrini davam etdirməkdir. Ulu öndərin 100 illik yubileyi ilə əlaqədar Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi də müvafiq tədbirlər planı hazırlayıb. Bu gün keçirilən ağacəkmə aksiyası bunun bir hissəsidir.
Tədbirlər planı çərçivəsində Ulu öndərin təbiətin qorunması, ekoloji vəziyyətin yaxşılaşdırılması və təbii sərvətlərin səmərəli istifadəyə dair çağırışları əsas götürülüb. Agentlik tərəfindən respublikanın müxtəlif rayonlarında mütəmadi olaraq ağacəkmə aksiyalarına başlanılıb.