Qərbi Azərbaycan İcmasının beynəlxalq ictimaiyyətə müraciətinin Birləşmiş Millətlər Təşkilatının (BMT) rəsmi sənədi kimi yayılması ilə 190-dan çox ölkə Qərbi Azərbaycan, oradan qovulmuş soydaşlarımızın taleyi və geri qayıtmaq arzusu barədə xəbər tutmuş oldu.
Bunu AZƏRTAC-ın sorğusuna cavab olaraq Qərbi Azərbaycan İcmasının sözçüsü Ülviyyə Zülfiqar bildirib.
O qeyd edib ki, beynəlxalq müstəvidə Qərbi Azərbaycanla bağlı aparılan işlər Qayıdış Konsepsiyasının qəbulu ilə daha da sürətləndirilib.
“Yanvarın 31-də BMT Katibliyi Qərbi Azərbaycan İcmasının beynəlxalq ictimaiyyətə müraciətini BMT Təhlükəsizlik Şurasının, Baş Assambleyasının və İqtisadi və Sosial Şurasının rəsmi sənədi kimi yayıb. Bu, Qərbi azərbaycanlıların haqq səsinin duyulması istiqamətində ilk ən mötəbər və genişmiqyaslı sənədimizdir. Bundan başqa, beynəlxalq müstəvidə Qərbi Azərbaycan məsələsinə maraq artmaqda davam edir. Biz xarici mediada jurnalistlərin dekabrın 24-də Prezident İlham Əliyevin İcmanın inzibati binasında bir qrup ziyalı ilə görüşü zamanı səsləndirdiyi fikirlər, Qərbi azərbaycanlılar, onların geri qayıtmaq istəyi ilə bağlı çox sayda məqalələrə rast gəlirik”,– deyə sözçü vurğulayıb.
Ülviyyə Zülfiqar bu il yanvarın 23-də Türkiyə səfiri Cahit Bağçının, fevralın 4-də isə bir qrup türk deputatın İcmanı ziyarət etdiyini xatırladaraq, belə təşəbbüslərin yenə davam edəcəyini bildirib.