Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) Müəllif Hüquqları və Əlaqəli Hüquqlar üzrə Daimi Komitəsinin növbəti 37-ci sessiyası keçirilib. Sessiyaya ÜƏMT-nin 190-dan artıq üzv-dövlətinin nümayəndələri qatılıb. Tədbirdə Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Aparatının rəhbəri Natiq İsayev iştirak edib.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, sessiyanın gündəliyinə “Yayım təşkilatlarının hüquqlarının qorunması”, “Kitabxanalar və arxivlər üçün məhdudiyyətlər və istisnalar”, “Təhsil və elmi-tədqiqat müəssisələri və digər əlil şəxslər üçün məhdudiyyətlər və istisnalar” ilə bağlı beynəlxalq müqavilə layihələri və digər sənədlər daxil edilib.
Müqavilə layihələrinin müzakirəsi zamanı son illər üzv dövlətlərin nümayəndələri və ÜƏMT-nin katibliyi tərəfindən layihələr üzərində səmərəli iş aparıldığı qeyd olunub, bu sənədlərin qəbul edilməsinin müəlliflər və əlaqəli hüquqların sahibləri ilə cəmiyyətin maraqları arasında balans yaradılması baxımından vacibliyi vurğulanıb.
Müzakirə predmeti olan bir çox məsələlərdə irəliləyişlərə nail olunub, o cümlədən müqavilələrdə işlədilən anlayışlar, qorunmanın obyekti və digər məsələlərdə ümumi anlaşma əldə olunub.
Agentliyin nümayəndəsi tərəfindən ölkəmizin də daxil olduğu Cənubi Qafqaz, Mərkəzi Asiya və Şərqi Avropa ölkələri qrupunda müzakirələr zamanı son vaxtlar ölkəmizdə əqli mülkiyət sahəsində həyata keçirilən genişmiqyaslı tədbirlər, o cümlədən instutisional islahatlar barədə məlumat verilib, yayım təşkilatlarının hüquqlarının qorunmasına, eləcə də kitabxanalara və arxivlərə, həmçinin təhsil, tədris və elmi-tədqiqat müəssisələrinə münasibətdə məhdudiyyətlər və istisnalara dair beynəlxalq alətin qəbul edilməsi üzrə aparılan işlərin dəstəkləndiyi bildirilib.
Eyni zamanda, sessiya çərçıvəsində ÜƏMT-nin rəsmi şəxsləri ilə işçi görüşlər keçirilib. Görüşlər zamanı ÜƏMT ilə Əqli Mülkiyyət Agentliyinin birgə əməkdaşlığı çərçivəsində 2019-cu ildə keçirilməsi planlaşdırılan tədbirlər barədə fikir mübadiləsi aparılıb.