Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı Qobustan Milli Tarix-Bədii Qoruğunun qonağı olub.
AZƏRTAC xəbər verir ki, əvvəlcə qonaq qoruğun ərazisində yaradılmış muzeydə nümayiş etdirilən eksponatlara baxıb.
Məlumat verilib ki, Qobustan Milli Tarix-Bədii Qoruğu açıq səma altında qoruq-muzey kimi böyük şöhrət qazanıb. Ərazidə daş dövründən son orta əsrlərə qədərki həyat və məişəti əks etdirən çoxsaylı maddi mədəniyyət nümunələrini müasir azərbaycanlıların ulu əcdadları min illər ərzində yaradıblar. Qobustan qaya rəsmləri dünyada bu tipli abidələrdən ən zənginidir. Qoruq ərazisində alimlər tərəfindən 6 mindən çox qayaüstü təsvir, 20 mağara və yaşayış yeri, 40 kurqan aşkar edilib və öyrənilib.
Qonağa Qobustan abidələri, burada aparılan arxeoloji tədqiqat işləri nəticəsində əldə olunmuş maddi-mədəniyyət nümunələri barədə məlumat verilib. Bəşər sivilizasiyasının ilkin izlərini özündə əks etdirən Qobustan abidələrinin 2007-ci ildə UNESCO-nun Dünya İrs Siyahısına daxil edildiyi diqqətə çatdırılıb.
Sonra qonaq qoruq ərazisində aparılmış tədqiqat işləri ilə maraqlanıb, qayaüstü rəsmlərə baxıb. Qobustan abidələrinə heyranlığını ifadə edən qonaq Qobustan Milli Tarix-Bədii Qoruğundan xoş təəssüratlarla ayrılıb.