“Ümumtəhsil müəssisələrində sertifikasiya mexanizmi tətbiq ediləcək”.
Türk.az-ın xəbərinə görə, bunu Təhsil Nazirliyinin hesabat tədbirində təhsil naziri Ceyhun Bayramov deyib.
Onun sözlərinə görə, sertifikasiya yalnız dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərə aid olacaq: “Yəni söhbət bütün təhsil sistemindən deyil, yalnız dövlət müəssisələrində çalışan müəllimlərdən gedir. Bu sistemin tətbiqi müəllimlərin daim öz üzərilərində çalışması üçün vacibdir”.
Nazir bildirib ki, ötən dövrdə müəllimlərin diaqnostik qiymətləndirilməsi keçirilib, onların mövcud ehtiyacları müəyyən edilib, ilk növbədə zəif nəticə göstərmiş müəllimlər üçün ixtisasartırma təlimləri təşkil edilib: “Bütün bu mərhələlərdən sonra sertifikasiya mexanizminin tətbiqi təhsildə keyfiyyət baxımından nailiyyətlər əldə edilməsi üçün vacibdir. İnanırıq ki, sertifikasiya mexanizminin tətbiq edilməsi, müəllimlərdə məsuliyyət, daim özünü inkişaf etdirmək bacarıqlarını inkişaf etdirəcək”.
C.Bayramov qeyd edib ki, sertifikasiyanın nəticələri bir sıra qərarların verilməsində – vəzifədə irəli çəkilmə, rəğbətləndirmə tədbirləri, fəxri adların verilməsi kimi qərarların verilməsində də obyektivliyin təmin edilməsində mühüm rol oynayacaq: “Bu mexanizm ilk növbədə hazırlanmalı, qaydalar, tədricən, mövcud olan reallıqlar nəzərə alınmaqla tətbiq edilməlidir”.