Banqladeşin Fransadakı Səfirliyinin təşəbbüsü, bu səfirliyin və UNESCO-nun Katibliyinin birgə təşkilatçılığı ilə qurumun baş qərargahında “Beynəlxalq Ana Dili Günü” qeyd edilib.
AZƏRTAC xəbər verir ki, “Ana Dili Günü” virtual tədbirində Azərbaycan da daxil olmaqla, UNESCO-ya üzv 28 ölkə iştirak edib. Əvvəlcə Banqladeşin Fransadakı səfiri və UNESCO yanında daimi nümayəndəsi Kazi İmtiaz Hossain və UNESCO baş direktorunun təhsil üzrə müavini Stefania Cianni çıxış edərək, ana dili haqqında, təhsil və bu gün COVID -19 pandemiyasının təhsilə mənfi təsirlərindən söz açıblar. Sonra ölkələrin “Ana Dili Günü” münasibəti ilə hazıraladıqları videolar yayımlanıb.
Azərbaycan Prezidenti İlham Əliyevin 2021-ci ilin ölkəmizdə “Nizami Gəncəvi İli” elan edilməsi barədə imzaladığı müvafiq Sərəncama uyğun olaraq UNESCO yanında daimi nümayəndəliyimiz tərəfindən hazırlanan tədbirdə XII əsrdə yaşayıb yaratmış Azərbaycanın dahi şairi Nizami Gəncəvi haqqında məlumat verilərək, onun əsərlərindən Azərbaycan və ingilis dillərində parça səsləndirilib. Daimi nümayəndəliyimizin diplomatı Nigar Qurbanova Azərbycan dili, tarixi və dilimizin inkişafı haqqında məlumat verib. Bu gün dünyada 50 milyondan çox insanın Azərbaycan dilində danışdığını bildirib. Azərbaycanın çox millətli və çox konfessiyalı ölkə olduğunu diqqətə çatdırıb. Nizami Gəncəvinin əsərindən bir parçanı Azərbaycan və ingilis dillərində səsləndirib.
Bildirilib ki, ana dili hər bir xalqın mədəniyyətinin ayrılmaz hissəsidir. Ana dili sayəsində tarix, ədəbiyyat, mədəni irs nəsildən- nəsillərə ötürülərək yaşayır. Tarixmiz yaddaşlara həkk olunur.
Sonra İsveçrənin “Lancy” orkestrinin müşaiyəti ilə Marina Udkina Üzeyir Hacıbəylinin Nizami Gəncəvinin sözlərinə bəsdələdiyi “Sevgili canan” romansını ifa edib, azərbaycanlı Mariya Xan-Xoyskaya isə rəqs edib.