Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Azərbaycan mədəni irsinin mühafizəsinə yönəlmiş səyləri kəlağayını yox olmaqdan qorudu və onun gələcəyinə inam doğurdu. 2014-cü ildə Azərbaycan kəlağayı sənəti “Kəlağayı simvolizmi və ənənəvi sənəti” adı ilə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edildi.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Fransadakı səfirliyi və UNESCO yanında daimi nümayəndəliyinin birgə təşkilatçılığı ilə Kəlağayı sənətinin UNESCO Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsinin 10 illiyi münasibətilə qurumun mənzil-qərargahında “Rəmzlərin rəqsi” adlı sərginin açılışı olub.
Sərginin açılışında Azərbaycanın Fransa və Monakodakı səfiri Leyla Abdullayeva, UNESCO yanında daimi nümayəndəliklərin səfirləri və diplomatları, yerli incəsənət nümayəndələri, jurnalistlər iştirak ediblər.
Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayev çıxış edərək milli qadın geyiminin qədim atributu –kəlağayının təkcə ipək başörtüyü deyil, həmçinin mədəni kimliyimizin, sənətkarlığın və Azərbaycan irsinin rəmzi kimi tanındığını bildirib. Qeyd edib ki, hər bir kəlağayı tarixin, sənətkarlığın və mədəni ifadənin zərif sapları ilə parçaya toxunmuş hekayəsidir. Kəlağayı əsrlər boyu Azərbaycan qadınının məlahətini, zərifliyini və gücünü simvolizə edən mədəni irsimizin ayrılmaz hissəsi olub. Xalqın məişətinin xüsusiyyətlərini, dünyaya baxışını, mənəvi və estetik dəyərlərini özündə cəm eləmiş və beləliklə də mədəniyyətimizin müstəqil qatı olan Azərbaycan qadının milli geyiminin bir hissəsinə çevrilib. Sərgidə nümayiş olunan nəfis kəlağayılar təkcə artefakt deyil, onlar irsimizin canlı təcəssümüdür.
Daimi nümayəndə “IDSF-22” Beynəlxalq Rəqəmsal İncəsənət Festivalının təşkilatçısı, “Mezo” Rəqəmsal İncəsənət Qrupunun İdarə Heyətinin sədri Nabat Qaraxanovanın “Şuşa” və “Avind” süni intellekt layihələri haqqında məlumat verib. Bildirib ki, “Şuşa” Azərbaycanın zəngin mədəni irsini əks etdirən rəqəmsal sənət əsərlərinin yaradan süni intellekt üzrə rəssamdır. “Şuşa”nın əsərlərinə Azərbaycanın mədəniyyət paytaxtı Şuşadan ilhamlanan rəqəmsal xalçalar və digər sənət növləri daxildir. Layihənin məqsədi ənənəvi motivləri müasir rəqəmsal sənət üsulları ilə birləşdirərək tarix və texnologiyanın kəsişməsini nümayiş etdirməkdir. Avind isə Türkiyənin ilk süni intellekt kuratorudur. “Avind”in roluna rəqəmsal incəsənət festivalları üçün sənət əsərlərinin seçilməsi və kurasiyasının aparılması, sərgi üçün ən uyğun nümunələri seçmək üçün böyük həcmdə məlumatları skan etmək və təhlil etmək üçün qabaqcıl alqoritmlərdən istifadə etmək daxildir. Hər iki layihə süni intellekti sənət dünyasına inteqrasiya etmək, texnologiya vasitəsilə yaradıcılıq və kuratorluq təcrübələrinin sərhədlərini genişləndirmək öhdəliyi daşıyır.
E.Abdullayev sərgidə nəfis kəlağayıları ilə təmsil olunan İsmayıllı rayonunun Basqalı qəsəbəsində fəaliyyət göstərən “Basqalı” kəlağayı brendi haqqında məlumat verib. Ən qədim zamanlardan qəsəbədə kəlağayı sənətinin geniş yayıldığını, burada “Kəlağayı” muzeyi, eləcə də istehsal sahəsi fəaliyyət göstərdiyini diqqətə çatdırıb. Qeyd edib ki, “Basqalı” kəlağayı brendi 100 faiz ipəkdən, xüsusi çap və boyama texnikası ilə hazırlanır. “Basqalı” brendinin dünyada tanındığını, bir çox sərgi və festivallarda iştirak etdiyini vurğulayıb.
UNESCO-nun İcraiyyə Şurasının prezidenti Vera Al Xuri Lacoeuilhe kəlağayının, ipəyin tarixindən söz açaraq ornamental və mürəkkəb həndəsi naxışlarla bəzədilən, populyar nəfis baş örtüyünün qadınları qışda soyuqdan, küləkdən, yayda isə istidən qoruduğunu bildirib. Qeyd edib ki, ipək qışda isti, yayda isə sərin olur. Bu qədim sənətin nəsildən-nəslə ötürülməsinin, mədəni irsin qorunub saxlanılmasının vacibliyindən danışıb. Bildirib ki, bu sərgi ziyarətçilərə kəlağayı sənəti haqqında ətraflı məlumat verməklə, bu qədim sənətin qorunub saxlanmasına və yaşamasına da töhfə verir.
Sonra N.Qaraxanova sərgidə nümayiş olunan “Şuşa” kompozisiyasını təqdim edərək onun Azərbaycan və Qarabağ xalçalarının rəqəmsal aləmdə toxunub Azərbaycan milli musiqisi ilə bir araya gələrək ictimaiyyətə təqdim etdiyini deyib. Bildirib ki, informasiya, şəkil və musiqi nümunələri “Şuşa” süni intellektin alqoritminə yüklənib və beləliklə, Azərbaycan xalçası beynəlxalq səviyyədə rəqəmsal texnologiya vasitəsilə təqdim edilir.
“Basqalı” brendinin nümayəndələri Mətanət Mirzəliyeva və Elçin Mirzəliyev Azərbaycanın kəlağayı sənətinin vətəni, gözoxşayan Basqal kəndində qədim İpək yolu abı-havasının hələ də hiss olunduğunu deyərək hələ qədim zamanlardan kənddə hər evdə ipəkçilik və kəlağayı istehsalı ilə məşğul olunduğunu və bu sənətin sirlərinin nəsildən-nəslə ötürüldüyünü bildiriblər. Diqqətə çatdırıblar ki, kəlağayı sənəti xalqımızın milli mənəvi dəyərlər sistemində və adət-ənənələrində ən mühüm mədəniyyət nümunələrindəndir. Kəlağayı təkcə baş geyimi deyil, həm də sevgi və gözəllik rəmzidir, naxış və ornamentləri xalq məişətinin bir çox xüsusiyyətlərini, milli mənəvi dünyamızla bağlı mərasim və hadisələri, xalq sənətinin müxtəlif sahələrini təcəssüm etdirir.
Həmçinin müxtəlif naxışlarla zəngin olan kəlağayıların hər birinin adının və naxışlarının fəlsəfəsi, təyinatı, xalq məişətində özünəməxsus yeri olduğu diqqətə çatdırılıb.
Sonra E.Mirzəliyev kəlağayı emalatxanasındakı iş prosesindən, barama, ondan ipək sapın əldə edilməsindən, qəliblərin hazırlanmasından söz açıb. Bildirib ki, bu ipək baş örtüyü basmanaxış üsulu ilə bəzədilir. Boyaların təbii yolla hazırlanmasından danışaraq nümunələri təqdim edib.
O, kəlağayı hazırlanmasının mürəkkəb, çox zəhmət tələb edən bir proses olduğunu diqqətə çatdırıb.
Kəlağayının hazırlanmasına dair ustad dərs tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb. E.Mirzəliyev tədbir iştirakçılarının suallarını cavablandırıb.
“Basqalı” brendi kəlağayının hazırlanması üçün lazım olan bütün vasitələri nümayiş etdirib. Brendin kəlağayılarının orqanik olduğunu əyani olaraq göstərilib.
“Rəmzlərin rəqsi” adlı kəlağayı sərgisi UNESCO-nun mənzil-qərargahında iki gün davam edəcək.