Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusun yayılması ilə əlaqədar 2020-ci ilin yanvarından bəri qüvvədə olan dünya səhiyyəsində fövqəladə vəziyyət rejiminin müddətini daha 3 ay uzadıb.
AZƏRTAC xəbər verir ki, bu barədə ÜST-nin Cenevrədəki mənzil-qərargahında təşkilatın Fövqəladə Komitəsinin iclasının yekunlarına dair mətbuat üçün məlumatda deyilir.
ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesus komitənin hazırkı COVID-19 pandemiyasına dair tövsiyəsi ilə razılaşıb. O bildirib ki, bu pandemiya beynəlxalq əhəmiyyət kəsb edən ictimai səhiyyədə fövqəladə vəziyyət nümayiş etdirməkdə davam edir.
Ekspertlər belə qənaətə gəliblər ki, koronavirus pandemiyası ehtimal ki, dönüş məntəqəsinə yaxınlaşır. Onların fikrincə, peyvənd və koronavirusa yoluxma nəticəsində dünya əhalisində immunitetin yüksək səviyyəsinə nail olunması “SARS-CoV-2” virusunun yoluxma və ölümə təsirini məhdudlaşdıra bilər. Bununla yanaşı, komitə vurğulayıb: “Şübhə yoxdur ki, bu virus müşahidə olunan gələcəkdə insanlarda və heyvanlarda daim mövcud patogen kimi qalacaq”. Ekspertlər hesab edirlər ki, bu virusun insanlardan və heyvanlardan kənarlaşdırılması az inanılandır, onun yoluxma və ölümə təsirinin yumşaldılması mümkün olandır və bu, prioritet vəzifəyə çevrilməlidir. Bununla bağlı komitə fövqəladə vəziyyət rejimi başa çatdıqdan sonra koronavirus əleyhinə alternativ mübarizə mexanizmləri üzrə təkliflərin işlənib hazırlanmasını ÜST-yə tövsiyə edib.