Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəli ÜST-nin Beynəlxalq Səhiyyə Qaydaları üzrə Fövqəladə Hallar Komitəsinin koronavirusla (COVID-19) bağlı bu gün keçirilən 15-ci iclası barədə məlumat yayıb.
AZƏRTAC-a daxil olan məlumatda bildirilir ki, iclasda pandemiya ilə əlaqədar cari vəziyyət müzakirə edilib.
“İclasda Komitə tərəfindən qeyd olunan tövsiyələrə əsasən, ÜST-nin Baş direktoru Tedros Adhanom Qebreyesus COVID-19 pandemiyasının artıq ictimai səhiyyədə beynəlxalq fövqəladə hal olmadığını təsdiq edib. Bu, o deməkdir ki, ölkələr xüsusi karantin rejimindən COVID-19-un digər yoluxucu xəstəliklərlə birlikdə idarə olunduğu stabil mərhələyə keçə bilərlər.
Qebreyesus, eyni zamanda, bildirib ki, bu qərar COVID-19-un qlobal sağlamlıq təhlükəsi olaraq sona çatması demək deyil: “Keçən həftə dünyada COVID-19 hər 3 dəqiqədə 1 nəfərin ölümünə səbəb olub. Virus hələ də bizimlədir, yoluxma hallarının və ölümlərin artmasına səbəb ola biləcək yeni ştamların yaranma riski qalmaqda davam edir”.