Müdafiə Nazirliyinin cəbhə bölgəsində yerləşən “N” saylı hərbi hissəsində xidmət müddəti başa çatmış bir qrup hərbi qulluqçunun ehtiyata buraxılmaları ilə əlaqədar “Vətənə xidmətinə görə sağ ol!” adlı təntənəli yola salma mərasimi keçirilib.
Mərasim ulu öndər Heydər Əliyevin və Vətən torpaqlarının azadlığı uğrunda şəhid olmuş soydaşlarımızın əziz xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi, Dövlət Himninin ifası və Dövlət Bayrağının gətirilməsi ilə başlayıb.
Daha sonra rəmzi olaraq xidmət müddəti başa çatmış əsgərlər tərəfindən döyüş növbətçiliyini qəbul edən əsgər yoldaşlarına silahların, zirehli jiletlərin və dəbilqələrin təqdim edilməsi mərasimi keçirilib.
Tədbirdə çıxış edən birlik komandiri ehtiyata buraxılan şəxsi heyətə Müdafiə nazirinin təbriklərini çatdırıb, döyüş növbətçiliyini qəbul edən hərbi qulluqçulara tövsiyələr verərək gələcək xidmətlərində uğurlar və qələbə sevinci arzulayıb.
Xidmət müddətində nailiyyətlər əldə etmiş hərbi qulluqçuların həvəsləndirilməsi və qiymətli hədiyyələrlə mükafatlandırılmasından sonra Füzuli Dövlət Dram Teatrının kollektivi şəxsi heyət qarşısında çıxış edib.
Tədbir bayram naharı ilə sona çatıb.