Muxtar respublikada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2021-ci il 24 iyun və 2022-ci il 21 aprel tarixli sərəncamları ilə ölkəmizin ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında igidlik və şücaət göstərmiş hərbi qulluqçuların təltif edildikləri medalların təqdimat mərasimi keçirilib.
Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, medallar, onların vəsiqələri qazilərə və Vətən müharibəsi iştirakçılarına xidmətin Naxçıvan Şəhər İdarəsində təqdim olunub.
Əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsinin rəis müavini, polkovnik-leytenant Sultan Zamanov bildirib ki, bu gün muxtar respublikamızda ordu quruculuğu sahəsində həyata keçirilən əhəmiyyətli tədbirlərdən biri də Vətənə sədaqətli, peşəkar hərbi kadr hazırlığı ilə bağlıdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun diqqət və qayğısı nəticəsində Naxçıvan şəhərində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi Liseyin maddi-texniki bazası möhkəmləndirilib, kursantlar üçün müasir tədris, rahat məişət və yaşayış şəraiti yaradılıb. Bu gün hərbi liseyin məzunları Azərbaycan Ordusunda xidməti vəzifələrini şərəflə yerinə yetirirlər. Vətənə sədaqət andı içib ordu sıralarında xidmət edən igid oğullarımız Vətən torpağına olan sevgilərini və onun yolunda nələrə qadir olduqlarını 44 günlük Vətən müharibəsində sübuta yetirdilər.
Qeyd olunub ki, Vətən müharibəsində iştirak edən, şəhid olan qəhrəmanların şücaəti gələcək nəsillərə örnəkdir və onların sırasında Naxçıvanın mərd oğulları da çoxdur. Onlardan Vətən müharibəsində qəhrəmanlıq göstərmiş Naxçıvan şəhər sakinləri qazi kapitan Hüseynalı Hüseynalıyev, qazi baş leytenant Hüseyn Həsənov, qazi kiçik çavuş Yusif Haqverdiyev, Vətən müharibəsi iştirakçıları baş əsgər Əbülfəz Həsənov, əsgər Samir Əliyev, əsgər Ayxan Fərzalızadə, əsgər Səfər Həşimov, əsgər Emin Hüseynov “Vətən müharibəsi iştirakçısı” medalı, Vətən müharibəsi iştirakçısı kiçik gizir Emil Zeynalov isə “Laçının azad olunmasına görə” medalı ilə təltif olunublar.
Naxçıvan Şəhər İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri İsmayıl Gülməmmədov çıxışında qeyd edib ki, Vətən müharibəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçuları gözlərini qırpmadan ərazi bütövlüyümüz uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərib, canlarını fəda edib, Azərbaycan Ordusunun qüdrətini bütün dünyaya nümayiş etdiriblər. Şəhidlərimizin və qazilərimizin hər birinin şücaəti, qəhrəmanlığı bu gün də, gələcəkdə də yetişən yeni nəsillərə vətəndaşlıq, vətənpərvərlik nümunəsidir.
Vurğulanıb ki, ölkəmizdə şəhid adı daim uca tutulur, onların Vətən qarşısındakı xidmətləri yüksək qiymətləndirilir, dövlət təltiflərinə layiq görülürlər. Naxçıvanda da daim şəhid ailələri, qazi və müharibə iştirakçılarına hərtərəfli qayğı göstərilir, sosial müdafiələri gücləndirilir, onlar mənzil və avtomobillərlə təmin olunurlar.
Sonra medalların təqdimatı olub, qazi və Vətən müharibəsi iştirakçıları onlara göstərilən diqqət və qayğıya görə dövlətimizə minnətdarlıqlarını bildiriblər.