Xocavənd rayon Qaradağlı kənd sakini Tağıyev Elzamin Eyvaz oğlunun Vətən müharibəsində şəhadətə yüksəlməsindən iki il keçir. Bu münasibətlə Xocavənd qəsəbəsindəki Şəhidlər məzarlığında anım mərasimi keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Xocavənd Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərlərinin, Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin, müharibə iştirakçılarının, qazilərin və rayon ictimaiyyətinin nümayəndələrinin iştirak etdiyi tədbirdə əvvəlcə şəhidlərin məzarları önünə qərənfillər düzülüb, xatirələri ehtiramla anılıb. Canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə dualar oxunub, xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xocavənd rayon bölməsinin rəisi Bəxtiyar Hümbətov, şəhidin döyüş yoldaşı İsmayıl Məmmədzadə, müəllimi Tahirə Məmmədova çıxış edərək, 44 günlük Vətən müharibəsində əldə olunan qələbədən, Elzaminin şücaətindən, onunla bağlı xatirələrindən, eyni zamanda, şəhid ailələri və qazilərə dövlət qayğısından söhbət açıblar.
Tədbirdə çıxış edən Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov Vətən müharibəsində qazanılan zəfərdən və şəhid Elzamin Tağıyevin döyüş yolundan danışıb, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda gedən 44 günlük mübarizədə xalqımızın bir yumruq kimi həmrəylik, əzm və iradə nümayiş etdirdiyini, əsgər və zabitlərimizin qəhrəmanlıq salnaməsi yazaraq, düşmən üzərində parlaq qələbə qazandığını bildirib.
Qeyd edək ki, Tağıyev Elzamin Eyvaz oğlu 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsinin ilk günündən Füzuli istiqamətində döyüşlərə atılıb, oktyabrın 11-də yaralanıb, müalicə aldıqdan sonra oktyabrın 27-dən yenidən döyüşlərə qatılıb. Noyabrın 9-da Şuşa uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Qubadlının azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları ilə təltif olunub.